Vətənin hər qarışını ana bilən igid əsgər- FOTO

11:53 - 18 Yanvar 2021 - Cəmiyyət

Fariz Zahir oğlu Rəhimov 20 sentyabr 2001-ci ildə Qəbələ rayonunun Əmirvan kəndində anadan olub. İki bacının bir qardaşı olan Fariz ailədə ən çox atasına bağlı idi. 0, 2007-ci ildə Əmirvan kənd orta məktəbinin birinci sinfinə gedib və 2016-cı il kənd orta məktəbin 9-cu sinfini bitirərək Bakı şəhərinə gəlib. Sənədlərini 12 nömrəli Peşə məktəbinə verib. Sınaqlardan uğurla çıxaran  Fariz oxuduğu müddətdə həm də ixtisasına uyğun işləyib.

O, 2017-ci ildə 3-cü dərəcəli Geniş Profilli dəzgahçı peşəsi ilə təhsilini başa vuraraq bir müddət özəl şirkətdə ixtisası üzrə çalışıb. 2019-cu ilin oktyabrın 2-də həqiqi hərbi xidmətə yollanıb. N saylı hərbi hissədə xidmət etdiyi dövrdə qaçış və atıcılıq üzrə dəfələrlə fərqlənib. Uğurları hərbi hissə komandirinin diqqətini çəkib və onu kəşfiyyat bölüyünə keçiriblər.

Xocalının intiqamını almaq istəyirdi

Sentyabrın 27-də düşmən tərəfindən atəşkəsin pozulması ordumuzu əks-hücum əməliyyatı həyata keçirməyə məcbur etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri döyüş əməliyyatlarına başladı. Vətənin mərd oğulları kimi Fariz Rəhimov da işğal altında olan Azərbaycan torpaqlarının düşməndən azad edilməsi üçün könüllü olaraq Vətən müharibəsi döyüşlərinə qatıldı və düşmənə qarşı ön cəbhədə igidliklə vuruşdu.

Fariz döyüşlərə düşmənə böyük nifrət hissi ilə başladı. Bu nifrəti Farizə hələ uşaq ikən atası aşılamışdı. Atası Birinci Qarabağ müharibəsinin qəhramanı Zahir Rəhimov Ağdam, Ağdərə, Tərtər və Füzulidə düşmənə qarşı qəhramanlıqla vuruşmuşdu. Farizin düşmənə qarşı nifrəti və böyük vətən sevgisi də atasından ona keçmişdi. Müharibənin ilk günlərində atası ilə danışanda hələ döyüşlərdə iştirak etmədiyindən narazılıq edirdi. O, düşmənlə üz-üzə gəlmək, işğal aitında olan torpaqlarımızı azad etmək, Xocalının intiqamını almaq istəyirdi. Tezliklə arzusuna çatdı. Farizin Hadrut və Füzuli şəhəri uğrunda gedən döyüşlərdə igidlik göstərdi. Əsgər dostlarının bildirdiyinə görə, Fariz zabitlərlə döyüşlərə qoşulan çox az saylı əsgərlərdən biri idi. Bir neçə dəfə zabit yoldaşları ona, “Sən, hələ gəncsən, hər döyüşə qoşulma” desələr də o, kənarda qalmağı özünə sığışdırmazdı. Döyüşə gedən dəstəyə qoşulardı.

Yaşının az olmasına baxmayaraq, qorxmazlığına, məğrurluğuna, cəsarətinə görə 19 yaşlı Farizə döyüş yoldaşları “Ləzgi əmi” deyə müraciət edirdi. Dostlarının sözlərinə görə, onun snayper nişəngahından düşmənin qaçmaq şansı olmazdı, dəqiq və sərrast atışla onlarla düşmən əsgərini məhv etmişdi.

Füzuli şəhərinin düşməndən azad oluması Farizi çox sevindirmişdi. O, artıq düşmənə qarşı döyüşdə böyük təcrübə qazanmışdı, döyüş meydanını bir dəqiqə də olsun tərk eləmək istəmirdi. Gizir Emin Əhmədov deyir: Füzuli döyüşləri zamanı yaralanan, şəhidlərimiz oldu. Onların olduğu ərazi düşmən tərəfindən atəş altında saxlanıldığından Şəhidlərimizin nəşini ərazidən çıxarmaq mümkün deyildi. Mən tabeliyimdə olan dəstəyə müraciət etdim.

Kim könüllü Şəhidləri döyüş zonasından çıxartmağa getmək istəyir?

Cümləmi yenicə bitirmişdim. Mənə dedilər ki, bölükdə olan yeganə əsgər, 19 yaşlı Fariz artıq tapşırığı yerinə yetirməyə hazırdı, maşında oturub. Hamı 19 yaşlı bu igidin davranış və qorxmazlığını görüb heyrətə gəldi. Onun bu hərəkətindən sonra özündən yaşca böyük döyüş yoldaşları da cəsarətləndilər. Hətta deyərdim ki, bəziləri Farizin hərəkətindən sonra utanmışdılar. Döyüşlərə girməzdən əvvəl hamıya deyərdi:
-Kişi itdən qorxmaz.

Biz onun üçün vuruşuruq ki, Vətənimiz azad olsun…

Xocavənd istiqamətində döyüşlər zamanı Farizin yaxınlığında əsgərlərdən biri yaralanıb. O, təcili əsgəri təhlükəsiz yerə çıxararaq yarasını sarıyıb, qanaxmanı kəsib. Özündən bir neçə yaş böyük olan, ayağından zədə almış əsgərə təsəlli verib. – Qorxma, təhlükəli bir şey yoxdur, yaxşılaşacaqsan. Tərpənmə, yaran açılar, indi tibb işçiləri gələr. Səni tibb məntəqəsinə çatdırarlar. Özü isə vuruşmaq üçün yenidən döyüş meydanına qayıtmaq istəyir. Bu zaman yaralı əsgər Farizə deyir:
- Çox qabağa getmə, özünü gözlə, ata-anan, doğmaların səni gözləyir.

Böyük ürəyə sahib 19 yaşlı Fariz bəlkədə tarixə düşəcək bir cümlə ilə o gizirə cavab verir:
- Ata-anasını və doğmalarnı fikirləşən əsgər Vətəni azad edə bilməz, düşmənə qalib gələ bilməz. Biz onun üçün vuruşuruq ki, Vətənimiz azad olsun, vətənin bütün övladları rahat yaşasınlar.

Sən müharibənin nə olduğunu bilirsən axı...

Fariz evə tez-tez zəng etməyi xoşlamazdı. Atasına deyərdi:
- Sən müharibənin nə olduğunu bilirsən axı, hər an zəng etmək imkansızdı.

Doğmaları bilirdi ki, düşmənlə üzbəüz mövqeydədi və bu səbəbdən də hər an zəng edə bilmir. Ondan niyə foto və video paylaşmadığını soruşanda isə gülüb deyərdi:
- Güllə yağışı altında şəkil və vidio çəkmək mümkünsüzdür.

Müharibənin başlandığı gündən şəhid olduğu son günədək cəmi 2-3 dəfə zəng edə bildi. Çünki həmişə döyüşün ən qızğın yerində və öndə olub igidimiz. Axrıncı dəfə atası ilə 27.10.2020 tarixində danışıb. Deyib ki, növbəti hədəfimiz anamın baş (Şəhidimizin anasının adı Şərafətdir) hərfi ilə başlayır.
– Mənə zəng çatmayacaq, vaxt olanda özüm zəng edəcəyəm. Salamat qalın- deyir.

Atası Zahir Rəhimov bu telefon danışığı barədə deyir: Sonuncu dəfə onunla 27.10.2020 tarixdə qısa bir danışığımız oldu. Əslində bu danışığa qısa demək də olmaz. Axrıncı döyüş əməliyyatlardan sonra və yeni döyüşqabağı verilən istirahət vaxtdan istifadə edib danışmışdıq. Axrıncı döyüşlərdə dostlarının itkisi onu çox sarsıtmışdı və qisas hissi ilə alışıb yanırdı. Birinci Qarabağ müharibəsi döyüşçüsü olmuşam deyə, yenə ona müharibənin qaydalarından və döyüş əməliyyatlarından məsləhətlər verdim.

Narahat olmayın, özünüzdən muğayat olun, az qalıb qələbəyə. Ata, ya general kimi, ya da Şəhid kimi qayıdacağam yanınıza. Hər iksinə hazır olun. Anama da belə deyərsən,-dedi.
Soruşdum:
- Qorxmursan?
- İtin nəyindən qorxacam. Kişidə itdən qorxar?- gülüb dedi.

Qardaş ... möhkəm olun...Yaxşı xəbərimiz yoxdur

Fariz kəndimizin ən ağıllı və qorxmaz igidlərindən olub. Qardaşım Zahir onu əsl mərdlik məktəbilə vətənpərvər tərbiyyələndirmişdi. Vaxtından və yaşıdlarından tez böyümüşdü sanki Fariz. Həm çox dərrakəli, həmdə böyüklərə hörmət vardı onda. Anasını sevməyən övlad olmaz, amma Fariz kimi də anasını çox sevən övlad da az tapılar. Möhtərəm prezidentimiz, Ali Baş komandan İlham Əliyev Cənabları Qələbə münasibətilə xalqımızı təbrik eləməsi və müharibənin başa çatması xəbəri bizi şox sevindirdi. İnanın həyatımda bu qədər sevinməyim yadıma gəlmir. Səhəri hamını təbrik edirdim, bir qanadım yox idi uçmağa, axı bu qələbədə Farizində payı vardı. Amma saatlar keçdikcə, Farizin zəngi yubandıqca həyacanlamağa başladım. Həm də qardaşım darıxdıqca mənə zəng edirdi, güvən yeri axtarırdı. Çox narahat idi qardaşım, ata ürəyi narahat olmaya bilməzdi axı. Fariz söz vermişdi qələbədən sonra zəng edəcəyinə. Mən Farizi yaxşı tanıyırdım, o harda olsada bu xəbəri özü çatdıracaqdı. Özümü aldadırdım, pis fikirləri qovurdum. Telefonda şəbəkə yoxdu bəlkə, yada ola bilsin enerjisi bitib. Bəlkə cavandı yadından çıxıb sevincindən, yox bəlkə qazidi bizim balamız. Bəlkə...Yox , yox qətiyyən...Saatlar bir birini əvəzlədikcə həyacan və darıxmalar artmağa başladı. Hər gələn zəng səsi bir ömür qocaltı bəlkə məni. Budur növbəti zəng...

- Aloo
- Bəli
- Çağırış üzrə Hərbi komissarlıqdandı....Əsgər Rəhimov Farizin əmisidi?
- Bəli, buyurun
- Qardaş ... möhkəm olun...Yaxşı xəbərimiz yoxdu.

Dünən həyatımda ən əlamətdar gün, bu gün isə zəhərdən acı bir həqiqət, qardaş övladının itkisi. Bu zəng məni çox sarsıtdı, çox! Bəlkədə ömrümün sonuna kimi yaddan çıxmayacaq bir zəng və o yaşadığım acı hal. Bəs Şəhid ata-anaları, Şəhid balaları, Şəhid xanımları, bacı-qardaşları nələr yaşadı, bilirsinizmi? Onların hər biri həqiqətən bizim canımızdan qanımızdan olmalıdır, qəlbən, ruhən onlar olmalıyıq. Şəhid və qazilərimiz ilə Vətən bütövləşir, tamlaşır. Bəli, Fariz sözünü tutdu; Ya general kimi gələcəyəm, ya Şəhid kimi. Şəhid kimi gəldi, evinə. Fariz bizləri, ən əsası ata-anasını çox ucaltdı, amma ayrılığı ilə də bizləri çox sarsıtdı. Allah Şəhidlərimizə rəhmət etsin, məkanları cənnət olsun! Amin!

Mən özüm bacararam, digər yaralılara kömək edin

Şuşa uğrunda gedən döyüşlərdə öndə gedənlərdən oldun, yenə düşmənlə üzbəüz döyüşdün. Qazi dostlarının dediklərinə görə, Şuşa istiqamətində ən öndə gedənlərdən biri olubsan. Laçın dəhlizi istiqamətindən Şuşaya addımlamısan. Şuşa şəhərinə ilk qədəm qoyan zabit və MAXE-lərin sırasında 19 yaşında olan tək əsgər- kəşfiyyatçı sən olmusan. Yaralı olsan da dostlarına, “mən özüm bacararam, digər yaralılara kömək edin”-dedin.

Sən əsl gəncavər kimi yetişmişdin, sən məhz bu gün üçün yetişmişdin igid bala. Axı Şuşa Azərbaycan üçün, bizlər üçün qeyrət, namus simvolu sayılırdı. Sən o namus, o qeyrət üçün canından keçməyə hazır idin və bu yolda canından da keçdin. Amma qələbənin son anında Şəhid oldun. Kişi kimi yaşadın, kişi kimi vətən uğrunda vuruşdun, mərdlik göstərərək Şuşada Şəhid oldun. Vətənin hər qarışını ana bilən igid oğul, O balaca ürəyində neçə sevgi bəslədin sən? Düşmənin min gülləsinə sinə gərən cəsur oğul, Unudarmı səni tarix, unudarmı səni bəşəriyyət? Təşəkkürlər Şəhidim. Son sözün “salamat qalın” oldu. Sizlərin sayənizdə qalib gəldik. Növbəti zəngini çox gözlədik, həmdə lap şox gözlədik. Səndən isə cavab gəlmədi.

Ali Baş Komandan İlham Əliyev cənabları ordumuzun Şuşa şəhərini azad etməsinə görə xalqımızı təbrik etdi: ŞUŞA, SƏN AZADSAN!- dedi.

Çox sevindik, lap çox. Zəngini gözlədik, hey gözlədik, axı söz vermişdin, qələbədən sonra çox danışacağıq demişdin. Həm də bu qələbədə sənində payın vardı, özü də çox vardı. Gəlmədi zəngin. Çatmadı sənə zəngim.
Sən şərəfli bir döyüş yolu keçdin. Qürurlandırdın bizi.

05.10.2020 -Fizulidə əsas yolu bağlama əməliyyatı

07-16.10.2020 -Fizuli və Cəbrayılda əməliyyatlar

18.10.2020 - Mengelen dağ əməliyyatı

19.10.2020- Edilli kənd əməliyatı

20.10.2020- Dudukçu kənd əməliyyatı

21.10.2020- Sakuri, Tuğ, Ataqut, Ağdam kəndlərinin azad olunması əməliyyatı

22.10.2020- Azıx (Azor) kənd əməliyyatı

22.10.2020 -773.3 yüksəkliyi

23.10.2020- Böyük Tağlar, Solaq bulaq əməliyyatı

24.10.2020- Zerdanaşen kəndi əməliyyatı

24.10.2020- 1050 yüksəkliyi

24.10.2020 -Bu tarixdən etibarən Fariz sonadək Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşüb

25.10.2020- Yuxarı Tagaver, Aşağı Tagaver əməliyyatı

26.10.2020- Qırmızı Bazar əməliyyatı

27.10.2020- Cagaduz kənd əməliyyatı

28.10.2020- Ağbulaq əməliyyatı

30.10.2020- Siqnax kənd əməliyyatı

01-03.11.2020- Laçın Şuşa yolu kəsmək əməliyyatı

05-06.11.2020- Şuşa döyüşləri

Qardaşım şir ürəyinə sahib imiş, sadəcə mən bilməmişəm

Bacısı Rəhimova Pərişan Zahir qızı: Qardaşım ilə uşaqlıqdan həm dost olmuşuq, həmdə bacı- qardaş. Aramızda yaş fərqi cəmi 1 il 1 ay 1 gündür. Bəlkə də bu səbəbdən çox mehriban olmuşuq. Qartopu oynayanda əllərim üşüyərdi. Fariz əllərimi ovcuna alıb öpər və isidərdi. Əsl qardaş kimi bacılarını qoruyardı, bizə qarşı çox qayğıkeş idi. Soyuqda əynindəki gödəkcəni mənə verərdi, “sizə qıya bilmərəm”- deyirdi. O vaxtlar bəzi şeylərin fərqinə varmazdım. Qardaşım hər yerdə məni qoruyardı, bu onun doğmalarına, valideyinlərinə, Vətəninə sevginin özəyi imiş. Qardaşım şir ürəyinə sahib imiş, sadəcə mən bilməmişəm. Bilirsiz qardaşsız bacı boynu bükük qərənfilə bənzəyir, onu xəfif mehdə yıxa bilər, bir damla şehdə. Farizin toyunda dəstə bağlayacağım gülləri məzarı üçün gətirirəm. İnanıram ki, onun yeri cənnətdirbehişti, məkanı cənnətdir. Sən həmişə qəlbimizdəsən qardaşım, zirvələrdən enməz igidim, başımızın tacı, elimizin ziyarət yeri, igidlərin and yerisən, rahat uyu qardaşım. Sən ölmədin, yaşayırsan bizim sınıq qəlbimizdə, Yaşadırsan bu millətin qürurunu sinəsində. Adın Fariz, özün isə qəhrəmanlıq abidəsi, Tarix yazan oğulların yol yoldaşı, qəlb sirdaşı.

Şəhidimiz Rəhimov Fariz Zahir oğlu Qəbələ Rayonu Əmirvan kənd qəbristanlığında, Qarabağ Şəhidləri (gizir Elvin Abdurəhmanov, polkovnik-leytinant Əfqan Abdurəhmanov və kəşfiyyatçı Bayramov Aydın) ilə bir sırada dəfn olunub. Məkanın cənnət olsun Şəhidim. Sən bizim düşündüyümüzdən daha böyük qəhrəman oldun. Sonda Azərbaycanın incisi, mirvarisi Şuşamızı alanda Şəhid oldun. Ən yüksək zirzəyə ucaldın, ŞƏHİDLİK zirvəsinə. Şəhadətin mübarək olsun.

Mübariz Rəhimov

Xəbər xətti