“Paşinyan qapalı danışıqların sirrini açdı” - ŞOK DETALLAR

22:48 - 13 Yanvar 2021 - Müsahibə

Politoloq Cümşüd Nuriyevlə müsahibəni təqdim edirik:

- Moskva görüşü və imzalanan üçtərəfli bəyanatı necə şərh etmək olar: udan və uduzan tərəf kim oldu?

- İmzalanan bəyanat Azərbaycanla Türkiyənin iqtisadi və eyni zamanda siyasi maraqlarına tam uyğundur. Çünki Türkiyə uzun müddət idi ki, Azərbaycanla birbaşa iqtisadi əlaqələr qurmaq üçün dəmir və avtomobil yolları məsələsini gündəmə gətirmişdi. Yəni belə məsələ gündəmdə var idi. Moskvada üçtərəfli anlaşma ilə Azərbaycan bu addımı atdı. Bəli, müxtəlif fikirlər səsləndirilə bilər. Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bir müddət əvvəl elan etmişdi ki, Azərbaycanın razılığı və xəbəri olmadan biz Rusiya ilə hər hansı bir razılığa gəlməmişik. Eyni mövqe Azərbaycana da aiddir.

- Nə mənada?
- Yəni Azərbaycan tərəfi Türkiyə ilə öncədən razılaşmamış hər hansı bir siyasi addım atmayıb. Söhbət Qarabağ mövzusundan gedir. Çünki Türkiyə bu sahədə kifayət qədər təcrübəli dövlətdir və biz bütün addımlarımızı buna hesablamışıq.

- Dəhliz və kommunikasiya xəttlərinin açılması siyasi baxımdan əhəmiyyətlidir, yoxsa iqtisadi baxımdan?
- Əvvəla, bunun iqtisadi nəticələrindən bəhs edək.
Birincisi, Azərbaycan Naxçıvanla birləşir. İndiyə qədər Naxçıvan anklav idi və bizim Naxçıvanla birbaşa əlaqəmiz yaranır.
İkincisi, bu dəhliz vasitəsilə biz birbaşa Türkiyə ilə ticarət əlaqəsinə daxil oluruq. Nəzərə alın ki, bu dəmir və avtomobil yolu boyunca əlaqələrin yaradılması da gündəmə gələcək.
Üçüncüsü, Azərbaycan öz yüklərini birmənalı olaraq İran üzərindən Fars körfəzinə, eləcə də Türkiyə üzərindən Avropaya çıxış etmək imkanı əldə edəcək. Nəzərə alın ki, Azərbaycan çoxdan buna can atırdı.

Yeri gəlmişkən, bunu Rusiya da, Türkiyə də edə biləcək. Üstəlik bu zaman mallar bizim ərazimizdən keçdiyi üçün Azərbaycan əlavə yol vergisi əldə edəcək. Əlbəttə, burada Ermənistanın da xeyiri var. Aydındır ki, Ermənistanın dünya bazarına çıxaracağı məhsulu yoxdur, amma buradan divident götürəcək. Əslində bu divident də yəqin ki, rusların olacaq. Çünki Ermənistan dəmir yolları birbaşa Rusiya dəmir yolları tərəfindən borc əvəzinə alınıb.

- Cümşüd bəy, niyə Moskva görüşü zamanı məhz 10 noyabrda imzalanan üçtərəfli bəyanatın 9-cu maddəsi müzakirə edilib? Bu maddə komunikasiya və iqtisadi əlaqələrin açılımını nəzərdə tuturdu. Digər maddələr nədən müzakirəyə çıxarlmayıb?
- Əslində müzakirələr olunub. Sadəcə Nikol Paşinyan peşəkar diplomat olmdığından qapalı danışıqların sirrini açıqladı.

- Konkret nəyi nəzərdə tutursunuz?
- Deməli, orada qapalı danışıqlar zamanı Dağlıq Qarabağın statusu məsələsi olub. Azərbaycan bununla razılaşmayıb. Görüşün yekununda Azərbaycan prezidenti çıxış edib dedi ki, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı, biz gələcək haqqında düşünməliyik. Yəni prezident bilirdi ki, Nikol Paşinyan status məsələsinə toxuna bilər, odur ki, Paşinyanı qabaqladı.

İkincisi, Paşinyanın çıxışında hərbi əsirlərin və cəsədlərin dəyişdirilməsi məsələsinə toxundu, bunun həll edilmədiyini bildirdi. Açıq aydın oldu ki, bu məsələ də müzakirədən çıxarılıb. Çünki həmin məsələ müzakirə olunub müsbət razılıq əldə edilsəydi, Paşinyan belə çıxış etməzdi. Müharibə qurtardıqdan və 10 noyabrda saziş imzalandıqdan sonra Azərbaycan öz ərazisində tutduğu silahlı erməniləri terrorçu elan edib. Yəni bu o deməkdir ki, Ermənistan rəsmi şəkildə terrorçuluqla məşğul olur. Azərbaycan prokurorluğu onlara qarşı başqa dövlətin ərazisində terror fəaliyyəti həyata keçirməklə bağlı cinayət işi qaldırıb və onlar ittiham olunur. Bu məsələlər kənardaartıq qaldı.

Düzdür, Prezident Putin də çıxışı zamanı “təmas xətti” deyilən məsələni gündəmə gətirdi, amma məncə, bu, şərti məsələ kimi həyata keçirilir. Rus sülhməramlıları BMT Nizamnaməsinin sülhməramlı fəaliyyətini özündə əks etdirən VI fəslini bütövlükdə pozmamalıdırlar, onların statusuna daxil olmayan tibb, səhiyyə, tikinti kimi fəaliyyətlə məşğul olurlar. Azərbaycan hələlik səbr edir. Razılaşmanın üzərindən iki ay keçib. Azı yarım il keçdikdən sonra Azərbaycan narazılığını dilə gətirə, hətta BMT-də müzakirə oluna bilər. Cənab prezidentin 2020-ci ilin yekunlarına həsr edilən müşavirədə bu məsələyə toxunması da təsadüfi deyildi.

- Deyirsiniz ki, Paşinyan görüşdən sonrakı çıxışı ilə əslində danışıqların bəzi detallarını açıqlayıb, hansı ki bu Ermənistanın əleyhinə olan halları nəzərdə tuturdu. Deməli, danışıqlar Azərbaycan üçün uğurlu olub?
- Məncə, bu, siyasi cəhətdən Azərbaycanın maksimum əldə edə biləcəyi, bizim xeyrimizə olan görüşdür. Bundan artığını da əldə etmək mümkün deyildi. Görüşlə bağlı hər üç dövlət liderinin hərəkətlərinə fikir vermək, onu analiz etmək olar. Hər iki görüşdə Azərbaycan prezidenti qalib və qürurlu sərkərdə kimi oturmuşdu, heç nəyə fikir vermir, gözünü bir nöqtəyə zilləmişdi. Yəni deyilənlər Azərbaycana aid deyil. Bu, diplomatiya dilidir. Paşinyanın isə bir gözü İlham Əliyevdə, bir gözü də Vladimir Putin də idi, çaşqın və yayğın idi. Adam diplomatiyadan uzaq olsa da, əsəbi idi.

Odur ki, Moskva görüşünü biz üç istiqamətdə qiymət verə bilərik. Görüşə diplomatik cəhətdən yanaşsaq uğurlu görüş idi. İqtisadi baxımdan Azərbaycanın maraqlarına tam cavab verdi. Siyasi baxımdan yanaşdıqda da Azərbaycanın uğur əldə edə biləcəyini görüş idi. Hər üç istiqamətdə Azərbaycan Prezidenti Azərbaycan dövlətinin maraqlarını maksimum qoruya bildi.///teleqraf

Xəbər xətti