Baş Prokurorluq və DİN-dən vətəndaşlara Xəbərdarlıq

18:10 - 28 Noyabr 2020 - Xəbər

“Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu uzun müddət təcavüzkar düşmənin işğal altında saxladığı əraziləri azad edib. Uzun illər vətən həsrətində qalmış vətəndaşların işğaldan azad edilmiş torpaqlarımıza səfər etməyə can atmaları başadüşüləndir. Lakin bəzi vətəndaşlar əvvəlcədən edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq həmin ərazilərə səfər edirlər”.

Ucnoqta.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) birgə yaydığı məlumatda bildirilib.
“Noyabrın 28-də vətəndaşlar Ş. Hacıyev, F. Hacıyev, Z. Adilzadə və Z. Hüseynov “Toyota Land Cruizer” markalı 90-BL-558 dövlət nömrə nişanlı avtomobillə Füzuli rayonunun Qorqan və Aşağı Seyidəhmədli kəndləri arasında minalanmış ərazi olduğunu bildirən işarəyə məhəl qoymayaraq hərəkəti davam etdirib, nəticədə tank əleyhinə minaya düşərək həlak olublar. Bir daha əhaliyə xəbərdarlıq edərək təhlükənin mövcudluğunu nəzərə alıb müvafiq icazə olmadan, işğaldan azad olunmuş ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edirik”, - deyə qeyd olunub. 


Xəbər xətti