"Fransa Senatının tutduğu mövqe BMT nizamnaməsinə açıq hörmətsizlikdir"- Millət vəkili

22:43 - 21 Noyabr 2020 - SİYASƏT

"Fransa Senatı 3 gün sonra qondarma “dağlıq qarabağ respublikasını” tanımağı tövsiyə edən qətnaməni müzakirəyə çıxarmağa hazırlaşır. Qətnamə layihəsi Senatda 5 nüfuzlu müxalifətçi qrup rəhbəri tərəfindən təqdim olunur və qətnamənin qəbul olunma ehtimalı böyükdür. Layihədə Azərbaycan üçün kifayət qədər həssas olan, Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə yönəlmiş beynəlxlalq hüququ ayaqlar altına atan nüanslar var." 

Ucnoqta.az xəbər verir ki, bu barədə millət vəkili Bəhruz Məhərrəmov deyib. Millət vəkilinin sözlərinə görə, bu qətnamə layihəsi ilk olaraq Beynəlxalq Hüququn hamılıqla tanınan ümumbəşəri prinsiplərinə, xüsusən də dövlətlərin daxili yurisdiksiyasında olan məsələlərə qarışmamaq prinsipinin pozulmasıdır: 
"Habelə, Fransa BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olaraq oturduğu - daha dəqiqi haqsız olaraq işğal etdiyi məqama hörmətsizlik edir, BMT Nizamnaməsini kobud şəkildə pozur.

Məhz Nizamnamənin 1-ci maddəsində - beynəlxalq sülhü və təhlükəsizliyi qoruyub saxlamaq, sülhə təhlükənin qarşısını almaq və aradan qaldırmaq üçün və təcavüz aktlarım və digər sülhün pozulması hallarını yatırtmaq üçün səmərəli kollektiv tədbirlər görmək və sülhün pozulmasına gətirib çıxara bilən beynəlxalq mübahisə və situasiyaların dinc vasitələrlə, ədalət və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq nizamlanmasına və ya həll olunmasına müvəffəq olmaq məqsəd və vəzifə kimi müəyyən olunub.
Görünən odur ki, Fransa Senatının tutduğu mövqe BMT nizamnaməsinə açıq hörmətsizlikdir.

Layihənin özünə gəlincə, unutmayaq ki, Fransa konstitusiyasına əsasən, Senatın bu tip qətnamələrinin icrası məcburi deyil, yalnız hökümətə tövsiyyə xarakterlidir. Bu baxımdan, hətta qətnamənin qəbul edilməsi belə, hələ qondarma qurumun tanınması demək olmayacaq." 

Bəhruz Məhərrəmov Fransa dövlətinin xarici siyasətdə belə bir risk edəcəyini ağlabatan görünmədiyini bildirir: "Çünki, Fransanın özünün Korsika problem var, qondarma rejimi tanıma cəhdi ona bu istiqamətdə baha başa gələ bilər, özünə münasibətdə xoşagəlməz presedent yaradar. Xatırlayırsınızsa, bir müddət öncə "Əl-Ərəbiyə" kanalına verdiyi müsahibədə cənab Prezident çox maraqlı bir arqument irəli sürmüşdü ki, ermənilərin taleyi Fransanı bu qədər maraqlandırırsa o zaman Marsel şəhərində ermənilər respublika qurmaq imkanı yaratsınlar. Məlumdur ki, Marseldə Dağlıq Qarabağdan daha çox erməni yaşayır. Yaxud, Korsikada on illərdir mübarizə davam edir, yerli əhali minimal hüquqlardan məhrumdur, xalqların hüquqlarından dəm vuran Fransa buyursun Korsika xalqına müstəqillik versin, ən azından korsikalılara ikinci dil onlara öz dillərindən istifadə etməyə icazə versin". 

Millət vəkili qeyd edir ki, Fransanın tutduğu mövqe təbi ki, onun bundan sonra ATƏT-nin Minsk qrupunun həmsədri kimi fəaliyyətini sual altına alacaq: "Bilirsiniz ki, Minsk qrupu Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etmək məqsədi ilə yaradılıb və Fransa da 1997-ci ildən ATƏT-in Minsk Prosesinə həmsədrlik edir. Azərbaycanla Fransa arasında diplomatik münasibətlərin ilk illərini hesaba almasaq, münasibətlərimiz həmişə yüksələn xətt üzrə inkişaf etsə də, açıq desək bu günə qədər Fransa həmsədr kimi özünü doğrultmayıb. Xüsusən, Vətən müharibəsinin ilk günlərindən, Ermənistanın ard-arda ilk hərbi məğlubiyyətlərindən dərhal sonra rəsmi Paris neytrallığını aşkar surətdə pozaraq, təcavüzə, işğala və separatizmə aşkar dəstək verməyə, münaqişəni hətta etnik-dini zəmində təqdim etməyə, Azərbaycan barədə feyk xəbərlər yaymağa başladı. Lakin, cənab İlham Əliyevin səyləri, informasiya müharibəsində öndərliyi ilə bu cəhdlər səmərəsiz qaldı.

Bəs sual meydana çıxa bilər ki, Fransanın məqsədi nədir?
Əvvəlcə ondan başlayaq ki, Fransaya da Ermənistanda olduğu kimi hazırda SOROS çətiri altında olan iqtidar rəhbərlik edir, yəni hazırkı Ermənistan hakimiyyəti ilə onlar eyni əqidəyə xidmət edir. Düzdür, bu gün Fransa Senatında təcavüzkar layihəni irəli sürən müxalifətçilərdir, lakin, aydındır ki, Fransa hökumətinin özünün də mövqeyi bundan fərqli deyil, sadəcə Makron adminstrasiyası separatizmi rəsmən tanımağa risk etmədiyi üçün müxalifətin əli ilə aidiyyatı istiqamətdə imitasiya etməkdədir.
Fransanı qıcıqlandıran ikinci məqam, həmsədr kimi yarıtmaz fəaliyyəti nəticəsində Cənubi Qafqazda faktiki olaraq oyundan kənarda qalması ilə bağlıdır.

Rəsmi Paris bu kimi aqressiv davranışları ilə yenidən bölgənin söz sahiblərindən olmaq istəyir. Fransanın mövcud mövqeyinin ən başlıca səbəbi isə təbii ki, bölgədə Türkiyə amilinin güclənməsi ilə bağlıdır. Bildiyimiz kimi, son illər Avropada, o cümlədən Fransada yenidən nasist, antiislam mövqeyi, xüsusən Parisdə Türkiyəyə həsəd və nifrət siyasəti güclənməkdədir. Azərbaycanın hərbi qələbəsi və Prezident İlham Əliyevin uğurlu diplomatik manevrlərinin nəticəsi olaraq isə Türkiyə artıq cənubi Qafqazda ən əsas oyunçulardan birinə çevrilib. Bu isə Fransanı yumşaq desək özündən çıxarır və məntiqsiz rabitəsiz addımlar atmağa sürükləyir.

İstənilən halda bu gün Azərbaycan ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək siyasəti yürüdür. Rəsmi Bakı başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurmaq niyyətini konstitusion səviyyədə bəyan edib. Təbii ki, o cümlədən də Fransa ilə də.

Lakin, Vətən müharibəsindən sonra dəyişən bəzi nüanslar var və hesab edirik ki, bölgə ilə əməkdaşlıqda maraqlı olan bütün güclər, həmçinin rəsmi Paris də bu dəyişikliyin fərqinə varmalı, anlamalıdır ki, Azərbaycan artıq əvvəlki Azərbaycan deyil. Biz bölgənin yeni güc mərkəzi, iqtisadi habıyıq və beynəlxalq hüquqa uyğun olaraq regiona maraq göstərənlər məhz sülhsevər güc olan Azərbaycanla hesablaşmalıdır".

Xəbər xətti