Ceyhun Bayramov BQXK Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb

18 sentyabr 2020-ci il tarixində Xarici İşlər naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Elena Aymone Sessera ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, görüş zamanı Elena Aymone Sesseranın ölkəmizdəki fəaliyyətinin başa çatdığı bildirilib və Nümayəndəliyin yeni rəhbəri xanım Arian Bauer Nazir Ceyhun Bayramova təqdim edilib.

Nazir Ceyhun Bayramov xanım Elena Aymonenin fəaliyyətini yüksək qiymətləndirərək, Azərbaycanın BQXK ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən humanitar layihələri məmnunluqla qeyd edib. Nazir, həmçinin BQXK-nın Azərbaycandakı nümayəndəliyinin yeni rəhbərinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən, o cümlədən yüz minlərlə insanın fundamental hüquqlarının pozulmasından, işğalçı ölkənin beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini mütəmadi olaraq pozmasından və mülki şəxsləri və infrastrukturu hədəfə almasından danışan nazir, BQXK-nın bilavasitə mandatına daxil olan girov götürülmüş mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyəti ilə bağlı məsələyə xüsusi diqqət ayırıb. O, Azərbaycanın humanitar hüququn normaları əsasında “hamının hamıya” prinsipi əsasında əsir və girovların dəyişdirilməsi mövqeyinin Ermənistan tərəfindən qəbul edilmədiyini vurğulayıb. BQXK-nın bu məsələnin həlli istiqamətində səylərinin artırılmasının vacibliyi qeyd olunub.

Öz növbəsində, BQXK nümayəndələri öz mandatları çərçivəsində Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyəti ilə mütəmadi maraqlandıqlarını və ailələrinə bu xüsusda məlumat verdiklərini qeyd ediblər.

Görüş zamanı nazir həmçinin BQXK nümayəndələrinə bölgədə yaşanan ən son gərginliklər və Ermənistan rəhbərliyinin məqsədyönlü təxribatçı və təhrikçi fəaliyyəti və münaqişənin danışıqlar yolu ilə həllinə ciddi xələl gətirməsi barədə məlumat verib.

Tarix
18 Sentyabr 2020 [20:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-09-18 20:52:14
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin