Professor Nəsir Əhmədli: “Seçdiyim peşə doğmadır”

14:47 - 1 İyul 2020 - Müsahibə

Bu gün BDU-nun Beynəlxalq jurnalistika kafedrasının professoru Nəsir Əhmədlinin doğum günüdür.

Ucnoqta.az saytı olaraq səbəbkarla əlaqə saxlayıb qısa müsahibə etdik.

-Nəsir müəllim, öncə ad gününüzü təbrik edirəm. Bəlli ki, bu gün yaşınız tamam olur. Mənə bir sual maraqlıdır, geridə qoyduğunuz illər sizə nələri verdi?
-Nəyim varsa, hamısını geridə qoyduğum illər verib. Uğurları da, uğursuzluqları da, sevinci də, kədəri də... Zamandan kənarda heç nə mümkün deyil.

-Doğum gününü qeyd etməyi sevirsinizmi?
-Çox vaxt doğum günümü başqaları yadıma salır.

-Yəqin ki, bu ad gününüzü ailənizlə birlikdə qeyd edəcəksiniz. Nəsir müəllim, karantin dövründə müəllim-tələbə heyətindən uzaqda ad gününü qeyd etmək sıxıcı olmayacaq?
-Hə, bu il bir az dar çərçivədə qeyd edirik. Təbii ki, çətindir, amma nə etmək olar, ellə gələn toy-bayramdır. Heç kimə belə “toy-bayram” arzulamıram.

-Həyatın keşməkeşli yolları var. Həyatınızın çətin anlarında mən buna layiq deyildim deyib üsyan etmisinizmi? Belə anlarınız olub?
-Giley-güzarı heç xoşlamıram. Alın yazısına inanıram, nə olmalıdırsa, necə olmalıdırsa, elə də olur. Məncə, hər kəs layiq olduğu ömrü yaşayır.

-Nəsir müəllim, uzun illərdir, jurnalistikadasınız, müəllimsiniz, yetirmələriniz var. Bu peşənin sizin həyatınızda rolunu necə qiymətləndirə bilərsiniz?
-Seçdiyim peşə mənə bütün mənfi-müsbətləri ilə doğmadır, əzizdir. Özümü başqa ampluada görmürəm.

-Tələbələrinizdən razısınız?
-Tələbələrim mənim can-ciyərlərimdir. Həm əvvəlkilər, həm indikilər. Qismət olsa, gələcək tələbələrimi də çox istəyəcəyəm.

-Hazırda arzuladığınız həyatı yaşayırsız, yoxsa layiq olduğunuz?
-Heç kim tam mənada arzuladığı həyatı yaşamır. Hamının bütün arzuları gerçəkləşsəydi, dünya xaosa dönərdi. Hər kəs layiq olduğu kimi yaşayır. Şəxsi mənada narazılığım yoxdur, amma milli itkilərimizə görə çox narahatam. Qarabağlı olmasam da, tez-tez yuxumda Şuşanı görürəm.

-Yeni yaşınızda özünüzə ən çox nə arzulayırsınız?
-Şəxsən özümə heç nə. Vətənimə isə ərazi bütövlüyü, əmin-amanlıq, milli birlik, demokratiya, fikir azadlığı...

-Sonda doğum günüzü bir daha təbrik edir, sizə möhkəm can sağlığı arzulayıram.
-Təşəkkür edirəm.

Rövşən Tahir

Xəbər xətti