“Aktyorda bəxt də olmalıdır”

14:21 - 30 İyun 2020 - Mədəniyyət

Araz Pirimov: “Teatr başqa bir aləmdir”

“Rollarımın hər biri mənim üçün doğmadır. O rolları mən özümünküləşdirirəmsə, başqa cür ola da bilməz. İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər”indən tutmuş Hüseyn Cavidin “Şeyx Sənan”ına qədər, “Buratinonun macəraları” tamaşasından tutmuş “Danışan gəlincik” tamaşasına qədər oynadığım rolların hər birini sevirəm. Rollarımla bağlı siyahını uzada da bilərəm. Lakin mən əsas fikrimi rollarıma olan münasibətim üzərində cəmləşdirmək istəyirəm. Ki, bir də deyirəm, mən rollarım arasında fərq qoya bilmirəm. Onların hər birini özümə doğma sayıram. Onlar mənim övladlarımdır”. “Üç nöqtə” qəzetinin qonağı Gənc Tamaşaçılar Teatrının istedadlı aktyoru Araz Pirimovdur.

-27 yaşlı Araz illər əvvəlki balaca Arazı necə xatırlayır?
-Balaca Arazı necə xatırlayıram? Dəcəl, davakar, ərköyün, diqqət mərkəzində olmağı sevən bir uşaq olub Araz. Bilirsiniz, mənim istədiyim mütləq şəkildə olmalı idi. Düzdür, bu hər zaman olmurdu, amma çox vaxt istəklərim yerinə yetirilirdi. Balaca vaxtı evdə sakit olduğum və ya gözdən yoxa çıxdığım vaxtlar nəsə etdiyim anlar olurdu. Ya zibil qabına kağız yandırıb atırdım, ya da televizorun ekranını sındırırdım. Bir sözlə, olduqca dəcəl bir uşaq olmuşam.

-Bildiyim qədərilə sənətə gəlişiniz fərqli olub...
-Sənətdən öncə deyim ki, mənim teatra gəlişim tamamilə fərqli və gözlənilməz olub. 2012-ci ildə işləmək üçün teatra gəldim. Səhnə quraşdırma sexinə daxil oldum, birinci dəfə idi ki, teatrda olurdum. Bu vaxta qədər getməmişdim. Bu sexdə işə düzəldim, çalışdım. Teatrda boş vaxtlarımda tar ifa edirdim. Bir gün tar ifa edəndə Nofəl müəllim məni gördü və dedi ki, “Müsyo Jordan və Dərviş Məshəti şah” tamaşası hazırlanır, bu tamaşada iştirak edərsən? Bir az çaşqınlıq yaşadım, tamaşa və mən, heç bir əlaqə yox idi. Bir az düşünüb cavab verdim ki, bəli, olar. Cənnət xanımın yanına qalxdıq, o da razılaşdı və mən səhnəyə çıxdım. İkinci dəfə isə səhnəyə Respublikanın Əməkdar artisti Nicat Kazımovun hazırladığı “Şahzadeyi Xəzərin nağılı” tamaşasında çıxmışam. Üçüncü çıxışım isə daha yaddaqalandır. Nicat müəllimin hazırladığı “Şəngül, Şüngül, Məngül” tamaşasının məşqləri gedirdi. Həmin gün mənə sex rəisimiz Zaur müəllim ad günüm olduğu üçün icazə vermişdi. Evə gedərkən yolda olanda Respublikanın Əməkdar artisti İlham Əsədov mənə zəng elədi və dedi ki, teatra qayıt. Geri qayıdarkən düşünürdüm, görəsən nə baş verib? Səhnəyə qalxdım, İlham müəllim Nicat müəllimlə yanaşı oturmuşdu. Həmin an ağlımda yüz fikir dolaşırdı, amma yeni rol alacağımı əsla düşünmürdüm. Nicat müəllim ayağa qalxıb dedi ki, sabah məşqə gəl “Məngül” obrazı sənindir. Bir anlıq dondum, qaldım. Nicat müəllim söylədi ki, bu obrazı canlandıran aktyor narahat olduğu üçün sən əvəz edib, oynayacaqsan. “Baş üstə” söylədim və razılaşdım. Məhz bu roldan sonra mən teatrı sevdim, ona bağlandım. O qədər bağlandım ki, istirahət günlərində belə teatrın qarşısından keçib gedirdim ki, bəlkə, kimisə görərəm.

-Sənətdə missiyanız nədən ibarətdir?
-Sənətdə missiyam işimi layiqincə yerinə yetirmək, oynadığım rolları mükəmməl səviyyədə canlandırmaqdır. Bunun üçün əlimdən nə gəlirsə, edirəm. Qiyməti isə tamaşaçıların ixtiyarına buraxıram. Mən sənətə sevgi ilə yanaşıram, heç vaxt sənətə qazanc mənbəyi kimi baxmamışam. Heç bir zaman da baxmayacam. Aktyor sənəti ya sevməlidir, ya da sevməlidir. Başqa bir yol yoxdur. Əks halda aktyor sənətdə uğur qazana bilməyəcək

-Zahirən mülayim görünürsünüz, bəs daxilən necə?
-Mülayim olmağım daxilən də, zahirən də məndə dəyişir. Yəni mütəmadi olaraq deyim ki, mülayiməm, bu doğru olmaz, deyim ki, aqressivəm, bu da doğru olmaz. Hazırda mülayiməm. Suala konkret cavab verə bilmirəm, lakin nisbət olaraq daha çox əsəbi oluram.

-Daha çox serialda, yoxsa səhnədə oynamaq rahatdır?
-Bu il serialda çəkildim. İlk vaxtlar çox çətinlik çəkdim, hədindən artıq çətinlik çəkdim. Nəyə görə? Birinci dəfə idi ki, kamera qarşısında idim. Sonradan öyrəşdim, çox rahat oldu mənə. Serialda oynamaq çox rahatdır. Serialda oynamaq hətta deyərdim ki, olduqca rahatdır. Çünki bir dəfə alınmadısa, ikinci dəfə çəkiləsən. Amma teatrda bu mümkün deyil. Teatr başqa bir aləmdir. Teatrda montaj yoxdur, düzəliş yoxdur. Ona görə də səhnə və teatr çətindir.

-Adətən aktyorlar oynayacaqları rol daha təbii alınsın deyə, obrazın daxili aləmini mənimsəmək üçün bəzən günlərlə çalışır, necə deyərlər, başqalaşırlar. Sizdə də belədir, yoxsa?
-Tamamilə razıyam, aktyorlar obrazın daxili aləmini mənimsəmək üçün bəzən günlərlə, bəzən aylarla çalışırlar. Amma bu obrazdan obraza fərqlənir. Elə olur ki, 1 həftə bəs edir, elə də olur ki, həftələr. Məsələn, “Leyli və Məcnun”da rol alan aktyorlar 1-2 il obrazların üzərində məşqlər edirlər. Amma həmin aktyorlar digər tamaşada hansısa bir rolu çox asanlıqla mənimsəyirlər. Dediyim kimi bu məqam obrazdan obraza dəyişir.

-İnsan aktyor kimi doğulur, ya sonradan formalaşır?
-Bəli, insan doğulandan aktyor olur. Bir dəfə müəllimimlə telefonla danışırdım. Mənə bir nümunə çəkdi ki, bir uşaq hər bir əlində bir maşın saxlayır, bu maşınları oynadıb toqquşdurur, daha sonra isə qırağa atır. Uşaq nə etdi? Ssenari qurdu, rejissor oldu və aktyor kimi çıxış elədi. Deməli, hər bir uşaqda aktyorluq istedadı var. Sadəcə uşağa aktyorluq sevgisini aşılamaq lazımdır.

-Aktyor üçün vacib olan nələrdir?
-Aktyor üçün vacib olanlar aydın danışıq, plastika, ritm duyumudur. Aktyor ilk növbədə məsuliyyətli olmalıdır. O, öz üzərində hər saniyə işləməlidir. Fikrimcə, aktyor resjissorun bütün tapşırığını yerinə yetirməyi bacarmalıdır.

-Rollarınızdan danışaq...
-Rollarımın hər biri mənim üçün doğmadır. O rolları mən özümünküləşdirirəmsə, başqa cür ola da bilməz. İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər”indən tutmuş Hüseyn Cavidin “Şeyx Sənan”ına qədər, “Buratinonun macəraları” tamaşasından tutmuş “Danışan gəlincik” tamaşasına qədər oynadığım rolların hər birini sevirəm. Rollarımla bağlı siyahını uzada da bilərəm. Lakin mən əsas fikrimi rollarıma olan münasibətim üzərində cəmləşdirmək istəyirəm. Ki, bir də deyirəm, mən rollarım arasında fərq qoya bilmirəm. Onların hər birini özümə doğma sayıram. Onlar mənim övladlarımdır. Mən rollarımı belə qəbul edirəm.

-Araz bəyi tamaşaçıların sevimlisinə çevirən rolu hansıdır?
-Rollarım olub ki, onları seviblər, hazırda da sevirlər. Yəni bir rola görə məni sevməyiblər, bir neçə rola görə seviblər. “Madaqaskar” tamaşasından “Aleks”obrazını, “Qoğalın nağılı” tamaşasından “Qoğal” obrazını, “Bremin musiqiçiləri” tamaşasından “Xoruz”u sevirlər. Çox tamaşalarda o sevgini tamaşaçıların gözlərindən, alqışlarından hiss eləmişəm.

-“Qoğal” obrazından söz açdınız. “Undum qoğal olmuşam, Süd ilə yoğrulmuşam”, səsləndirdiyim bu cümlələrdən sonra nə hiss etdiniz?
-Gözümün qarşısında səhnə və teatr canlandı. Zal, zalda əyləşmiş balaca dostlarımız, onların alqışları, sevgi dolu baxışlar, heyrətlə tamaşaya zillənən gözlər, hər birini bu an hiss elədim. “Undum qoğal olmuşam, Süd ilə yoğrulmuşam”, bu cümlələri çox sevirəm.

-Özünüzün hansı xüsusiyyətini bəyənmirsiniz?
-Özümdə bütün xüsusiyyətləri bəyənirəm. Lakin məndə bir şey var ki, tez güvənməyə başlayıram. Dəyər verdiyim insanlara güvənirəm, qoruyuram. Hətta başqa bir insanla həmin insana görə münasibəti korlaya da bilərəm. Bu xüsusiyyətimi dəyişə bilsəydim, çox yaxşı olardı. Niyə deyirəm, çox yaxşı? Çünki dəfələrlə qoruyub dəyər verdiyim insanlar mənə qarşı çıxıblar.

-Aktyor nə qədər istedadlıdırsa, bir o qədər parıldayır. Sizcə, belədir?
-Aktyor istedadlıdır, parıldayır, sadəcə olaraq harada? Gələn tamaşaçı ona baxır və o parıltını görür və bitdi. Tamaşadan sonra aktyor qrimini silir və evə gedəndə heç kəs ona fikir vermir, heç kim tanımır. Məncə, bu bəs deyil. Aktyorda şans, bəxt də olmalıdır. Şans gətirməlidir ki, onu sevsinlər.

-Bu sənətdə hansı məqama çatmaq istəyirsiniz?
-Mən iş axtaranda bilmirdim ki, gəlib teatrda işləyəcəm. Teatrda işə düzələndə bilmirdim ki, səhnə quraşdırma sexində çalışacam. Burada çalışanda bilmirdim ki, aktyor kimi səhnəyə çıxacam. Aktyor kimi səhnəyə çıxanda bilmirdim ki, məni aktyor ştatına işə götürəcəklər və mən daha aktyor kimi çalışacam. Bundan sonra nələrin olacağını bilmirəm. Bilmədiyim üçün də zamanın axarına buraxıram.

-Səhnə sizin üçün nə deməkdir?
-Səhnə mənim üçün hər şeydir. Səhnə elə bir məkandır ki, orada mən tamaşaçının nəfəsini duyuram. Səhnə elə bir yerdir ki, orada mən obrazları yaşayıram, yaradıram. Səhnə mənim üçün möcüzələr aləmidir. Sirlərlə dolu olan möcüzələr aləmi.

-Etiraf edirəm ki...
-Etiraf edirəm ki, gələcəkdə sənətdə sözümü deyəndən sonra Gənc Tamaşaçılar Teatrının rəhbəri olmaq istəyirəm. Fikirlərim yanlış anlaşılmasın. Mən yaşa dolduqdan sonra teatrın rəhbəri olmağı arzu edirəm. Allah qismət eləsin, böyük uğurlara imza atım, daha sonra da rəhbər olum.

Rövşən Tahir


Xəbər xətti