Bu ilin üçüncü rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan gündə orta hesabla 541 000 barel və ya ümumilikdə təqribən 148 milyon barel, yəni 20 milyon ton neft hasil edilib.
Bu barədə yataqlar blokunun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə yaydığı hesabatda qeyd edilib. Üç rüb üçün AÇG-dən ümumi hasilat – “Çıraq” (41 000 barel), “Mərkəzi Azəri” (133 000 barel), “Qərbi Azəri” (121 000 barel), “Şərqi Azəri” (92 000 barel), “Dərinsulu Günəşli” (95 000 barel) və “Qərbi Çıraq” (59 000 barel) platformalarından birlikdə – gündə orta hesabla 541 000 barel və ya ümumilikdə təqribən 148 milyon barel, yəni 20 milyon ton olub.
Bildirilir ki, üçüncü rübün sonunda AÇG-də ümumilikdə 124 neft hasilat quyusu və 42 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub. Üçüncü rübün sonuna qədər AÇG-də 9 neft hasilat quyusu qazılıb".
Qeyd edək ki, AÇG-də iştirak paylarına BP (30,37%), SOCAR (25,0%), “Chevron” (9,57%), “İnpex” (9,31%), “Equinor” (7,27%), “ExxonMobil” (6,79%), TPAO (5,73%), “İtochu” (3,65%), ONGC Videsh Limited (OVL) (2,31%) malikdir.
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
Xatırladaq ki, AÇG üzrə ilk Hasilatın Pay Bölgüsü sazişi 1994-cü ilin sentyabrında imzalanıb. 2017-ci ilin sentyabrında sazişə əlavələr edilib və müddəti 2049-cu ilə qədər uzadılıb.