Azərbaycan “Doing Business 2020” reytinqində islahatçı ölkələrin Top 20-nə daxil edilib.
“Report” Dünya Bankının bu gün dərc olunmuş illik məruzəsinə əsasən xəbər verir ki, “biznesə başlamaq” nominasiyasında bu il ötən ilki 9-cu yerdə qalan Azərbaycan “kredit almaq” nominasiyasında müvafiq olaraq 22-ci yerdən 1-ci yerədək, “tikintiyə icazə almaq” nominasiyasında da 61-ci yerdən 59-cu yerədək irəliləyib.
Bununla yanaşı, Azərbaycan “müqavilələrin icrasına təminat” nominasiyasında 28-ci yerdə, “vergitutma” nominasiyasında 40-cı yerdə, “mülkiyyətin qeydiyyatı” nominasiyasında 44-cü yerdə, “müflisləşmə prosedurunun sadəliyi” nominasiyasında 47-ci yerdə, “elektrik şəbəkəyə qoşulma” nominasiyasında 80-ci yerdə, “beynəlxalq ticarət” nominasiyasında 83-cü yerdə, “kiçik sərmayədarların qorunması” nominasiyasında 105-ci yerdə qərarlaşıb.
Bütövlükdə isə Azərbaycanın 190 ölkə arasında 34-cü yer tutduğu “Doing Business 2020” reytinqində ilk iki yerdə ötən il olduğu kimi Yeni Zelandiya və Sinqapur qərarlaşıb. Üçüncü yerdə 3 il dalbadal davam gətirən Honkonqu bu dəfə Danimarka əvəzləyərək 4-cü pilləyə salıb. İlk 10-luqda həmçinin Cənubi Koreya, ABŞ, Gürcüstan, Böyük Britaniya, Norveç, İsveç yer alıb.
Bütövlükdə 115 ölkədə özəl sahibkarlıq mühitini yaxşılaşdırmaq məqsədi ilə 294 islahatın həyata keçirildiyi göstərilir.