Pərviz Şahbazov: "Dünya neft bazarında sabitlik qorunur"
10:51 - 4 Oktyabr 2019 - İQTİSADİYYAT
Səudiyyə Ərəbistanında neft obyektlərinə hücumlar kimi hadisələr neftin qiymətində dəyişikliklərə səbəb olsa da, belə hallar müvəqqəti xarakter daşıyır və bazarda sabitlik təmin olunur.
Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Moskvada keçirilən “Rusiya enerji həftəsi” tədbirində “Qeyri-sabit dünyada enerji bağlantılarının qorunması” adlı panel sessiyada çıxış edərkən bildirib.
Onun sözlərinə görə, hazırda dünyada iqtisadi inkişaf tempinin zəifləməsi və bir sıra digər faktorlarla əlaqədar neftə qlobal tələbat azalsa da, OPEC+ formatı çərçivəsində atılan addımlar neft bazarının tənzimlənməsinə töhfə verir.
“Hazırda neft bazarını tarazlaşdıran əsas mexanizm OPEC+ formatında qəbul edilmiş qərarlardır. Bu qərarlar dəyişən vəziyyətə uyğun bazarın çevik tənzimlənməsinə xidmət edir. Neftin qiymətinin sabitləşdirilməsi ilə bağlı əsas hədəfə nail olunub və artıq ciddi şəkildə qiymət volatilliyi müşahidə olunmur”, - deyə nazir qeyd edib.
P. Şahbazov çıxışı zamanı OPEC+ əməkdaşlıq formatının davam etdirilməsinin və dünyada sabitlik üçün enerji resurslarının inkişafa yönəldilməsinin vacibliyini vurğulayıb.
Xatırladaq ki, OPEC, Rusiya və OPEC+ ölkələri bazarda vəziyyəti tənzimləmə məqsədi ilə 1 yanvar tarixindən 6 ay müddətinə gündəlik hasilatın 1,2 mln. barel (800 min barel OPEC ölkələri, 400 min barel qeyri-OPEC olkələri üzrə) azaldılması barədə razılaşıb. Razılaşmanın vaxtı iyunun 30-da bitib. Nəticədə bu gun Vyanada ”OPEC plus” nazirlərinin 6-cı görüşündə əvvəlcə OPEC və qeyri-OPEC ölkələri arasında uzunmüddətli əməkdaşlığa dair Xartiya qəbul olunub. Daha sonra isə neft hasilatının azaldılmasına dair razılaşmanın müddətinin daha 9 ay uzadılması ilə bağlı razılıq əldə edilib. “Əməkdaşlıq Xartiyası”na, eləcə də OPEC və qeyri-OPEC ölkələrinin 2020-ci ilin birinci rübünün sonunadək qüvvədə olacaq qərarına Azərbaycan da qoşulub.