İyunun 12-də Yevlaxda Aran Regional İnkişaf Mərkəzində İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin təşkilatçılığı ilə “Ət, süd və arıçılıq məhsullarının istehsalı sahəsində mövcud vəziyyət və inkişaf perspektivləri”nə dair regional konfrans keçirilib.
Konfransın keçirilməsində əsas məqsəd bu sahələrdə mövcud vəziyyət, dövlət dəstək mexanizmləri, tətbiq olunan müasir texnologiyaların səmərəliliyi, istehsalçılar, emalçılar və təchizatçılar arasında dəyər zənciri üzrə işgüzar münasibətlərin genişləndirilməsi, eləcə də bu sahənin gələcək inkişaf istiqamətləri üzrə müzakirələrin aparılması və sahibkarların maarifləndirilməsi idi.
Aidiyyəti dövlət qurumlarının, sahibkar birliklərinin, müvəkkil kredit təşkilatlarının nümayəndələri və sahibkarların iştirak etdiyi konfrans çərçivəsində heyvandarlıq sahəsində tətbiq olunan qabaqcıl texnika, dərman preparatları, heyvandarlıq komplekslərinin tikintisində istifadə olunan avadanlıqlar nümayış olunub, ət, süd və arıçılıq məhsullarının sərgisi keçirilib.
Konfransın əvvəlində sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirləri və əldə edilmiş nailiyyətləri əks etdirən “Dayanıqlı inkişafın əsası - sahibkarlıq” filmi nümayiş olunub.
Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, ölkədə sahibkarlıq mühitinin davamlı olaraq yaxşılaşdırılması və özəl bölmənin iqtisadiyyatda rolunun daha da artırılması istiqamətində həyata keçirilən sistemli və ardıcıl tədbirlər barədə məlumat verib. Vurğulanıb ki, digər sahələrdə olduğu kimi, aqrar sektorun da inkişafı üçün hərtərəfli dövlət dəstək tədbirləri həyata keçirilir. Nazir müavini bildirib ki, son illər İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 47.5 min başlıq, illik istehsal gücü 142.7 min ton süd və 5.9 min ton ət olan 26 cins heyvandarlıq kompleksinin yaradılmasına 110.7 milyon manat, ildə 230 min ton süd emal etmək gücündə olan 12 emal müəssisəsinə 25 milyon manat güzəştli kredit verilib. Bundan başqa, ət kəsimi və emalı üzrə 10 müəssisəyə 14.9 milyon manat, arıçılığın inkişafına 5.1 milyon manat güzəştli kredit ayrılıb.
Sahib Məmmədov aqrar sahəyə daha çox sərmayə cəlb edilməsində, investor marağının artırılmasında əhəmiyyətli mexanizm olan investisiya təşviqinin tətbiqini vurğulayıb və məlumat verib ki, indiyədək İqtisadiyyat Nazirliyi tərəfindən investisiya dəyəri 71 milyon manat olan 10 cins heyvandarlıq, 3.8 milyon manat olan 2 ət emalı və 3.8 milyon manat olan 3 süd emalı layihələri üzrə investisiya təşviq sənədləri verilib.
Dövlət başçısının tapşırığına uyğun olaraq, hazırda respublikanın 33 rayonu üzrə 257 min hektar ərazidə ümumi dəyəri 2.2 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatının yaradılması üzrə işlər davam etdirilir. Aqropark və iri fermer təsərrüfatlarının yaradılmasına 162 milyon manat güzəştli kredit ayrılıb, 20 aqropark və iri fermer təsərrüfatı üzrə ümumi dəyəri 645 milyon manat olan 37 layihəyə investisiya təşviqi sənədi verilib.
Sonra Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev aqrar sektorda görülən işlər, bu sahənin inkişaf istiqamətləri, fermerlərə verilən güzəştlər və subsidiyalar barədə məlumat verib.
Yevlax Rayon İcra Hakimiyyəti başçısının müavini Qənimət Qaraşov rayonda belə tədbirin keçirilməsinin təqdirəlayiq olduğunu qeyd edib, aqrar sahənin inkişafı üçün rayonda həyata keçirilən tədbirlərdən danışıb.
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev, Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Qalib Əbdüləliyev, Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Samir Eyyubov, Ət və Ət Məhsulları İstehsalçıları Assosiasiyasının sədri Fuad Qulubəyli, Azərbaycan Arıçılıq Assosiasiyasının sədri Bədrəddin Həsrətov çıxış edərək təmsil etdikləri qurumların fəaliyyəti, heyvandarlıq sahəsində görülən işlər barədə konfrans iştirakçılarına məlumat veriblər.
Konfransın sonunda müzakirələr aparılıb, təkliflər dinlənilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.