Hər kəsin üzərinə vəzifələr yalnız Konstitusiya ilə və ya qanunla qoyula bilər
Sərbəst toplaşmaq azadlığı hüququ hər kəsin siyasi həyatının əsas aspektləri ilə bağlı olan ən geniş əhatəli siyasi hüquqlardan biridir. Lakin bu sahədə də müəyyən məhdudiyyətrlər var. “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 8-ci maddəsində toplantının qadağan edilməsi və ya dayandırılması öz əksini tapıb. Bu maddədə bildirilir ki, ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti, müharibəni təbliğ edən toplantılar qadağan edilir.
Fövqəladə və ya hərbi vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşləri və piketlərin keçirilməsinə “Fövqəladə vəziyyət haqqında” və “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudiyyət qoyula bilər və ya onların keçirilməsi qadağan edilə bilər.
Qeyd edək ki, fövqəladə vəziyyət - Azərbaycan Respublikasının Konstitusiyasına və bu Qanuna uyğun olaraq Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin konstitusion hüquq və azadlıqlarının, habelə mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin bu Qanun ilə müəyyən edilmiş qaydada məhdudlaşdırılmasına və onların üzərinə əlavə vəzifələr qoyulmasına yol verən, eləcə də Müvafiq icra hakimiyyəti orqanları və yerli özünüidarə orqanlarının, onların vəzifəli şəxslərinin fəaliyyətini tənzimləyən xüsusi hüquqi rejimdir.
“Fövqəladə vəziyyət haqqında” Qanunun 2-ci maddəsinə əsasən, fövqəladə vəziyyət müvəqqəti tədbirdir və fövqəladə vəziyyətin tətbiq edilməsində məqsəd onun tətbiq edilməsinə səbəb olmuş şəraitin tezliklə aradan qaldırılması, qanunçuluğun bərpa edilməsi, vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının təmin olunması, müvafiq icra hakimiyyəti orqanları və yerli özünüidarə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin normal fəaliyyət göstərməsi üçün şərait yaradılması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun müdafiəsidir.
Hərbi vəziyyət isə Azərbaycan Respublikasının Konstitusiyasına və “Hərbi vəziyyət haqqında” Qanuna uyğun olaraq, Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində müvəqqəti tətbiq edilən siyasi, iqtisadi, inzibati, hərbi və digər tədbirlər kompleksini nəzərdə tutan, Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra - vətəndaşlar) konstitusion hüquq və azadlıqlarının, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların hüquqlarının və qanuni mənafelərinin qismən və müvəqqəti məhdudlaşdırılmasına və onların üzərinə əlavə vəzifələr qoyulmasına yol verən xüsusi hüquqi rejimdir.
“Hərbi vəziyyət haqqında” Qanunun 3-cü maddəsinə görə, hərbi vəziyyətin elan edilməsinin əsas məqsədi bu Qanunun 4-cü maddəsində göstərilən əsaslardan biri mövcud olduqda mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların üzərinə düşən vəzifələri yerinə yetirmək üçün zəruri şəraitin yaradılmasıdır. 4-cü maddə ilə hərbi vəziyyətin elan edilməsinin əsasları tənzimlənir.
Bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 111-ci maddəsinə (Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktik işğal olunduqda, xarici dövlət və ya dövlətlər Azərbaycan Respublikasına müharibə elan etdikdə, Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandıqda, Azərbaycan Respublikasının ərazisi blokadaya alındıqda, habelə blokada üçün real təhlükə olduqda Azərbaycan Respublikasının bütün ərazisində və ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir) əsasən Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan edilməsi üçün aşağıdakılar əsas ola bilər:
Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktiki işğal edildikdə; xarici dövlət və ya dövlətlər Azərbaycan Respublikasına müharibə elan etdikdə; Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandıqda; Azərbaycan Respublikasının ərazisi blokadaya alındıqda, habelə belə blokada üçün real təhlükə olduqda.
Qanun hər kəsin azadlığını məlum çərçivədə məhdudlaşdırmaqla, onun öz hüquqlarından maneəsiz və sakit istifadə etməsini təmin edir, yəni bu hədlər daxilində azadlığına təminat verir. Hər bir insanın azadlığı məhz digər insanların azadlığının başlandığı sərhədədək uzanır. Bu sərhədləri müəyyənləşdirməyə cəhd etməklə, qanun insanların gündəlik həyatında azadlığa əsaslanan qaydanın bərqərar olmasına köməklik göstərir.
Hüquqların məhdudlaşdırılmasına dair müddəalar insan hüquqlarının ümumi təbiətinə və beynəlxalq-hüquqi aktların müvafiq müddəalarının ruhuna uyğun şəkildə Azərbaycan Respublikasının Konstitusiyasında da öz əksini tapmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsi bütövlükdə sərbəst toplaşmaq azadlığına həsr olunub. Bu maddəyə əsasən, hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı var. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ var. Həmin maddənin mətnindən vətəndaşların dinc toplanmasını nəzərdə tutan tədbirlər—yığıncaq, mitinq, nümayiş, küçə yürüşü keçirmək, piket düzəltmək üçün hər hansı məhdudiyyətlərin qoyulmasının mümkünlüyü birbaşa görünmür.
Lakin həmin maddədə təsbit edilmiş azadlığın təbiəti və onun həyata keçirilməsinin hədləri məsələsinə bütövlükdə əsas hüquq və azadlıqların, habelə vəzifələrin mahiyyəti nəzərə alınmaqla, o cümlədən də hüquq, azadlıq və vəzifələri tənzimləyən Konstitusiyanın digər normalarının kontekstində baxılmalıdır. Belə ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prisipini təsbit edən Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin II hissəsində qeyd olunur ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.
Bu prinsip nəzəriyyədə belə bir tezislə ifadə olunur: hər kəsin hüququnun sərhədi başqasının hüququnun başlandığı yerdə bitir. Bu maddənin özəyində duran prinsip həm də Konstitusiyanın «Vətəndaşların əsas vəzifələri» adlanan 4-cü fəslinin 72-ci maddəsinin II hissəsində təsbit olunmuş müddəaların mahiyyəti ilə eynilik təşkil edir. Bu maddə “Vətəndaşların vəzifələrinin əsası” adlanır. Bildirilir ki, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
Maddənin digər bənlərində isə qeyd edilib ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız Konstitusiya ilə və ya qanunla qoyula bilər. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Deməli, göstərilən normaya görə hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
Konstitusiyanın 49-cu maddəsində təsbit olunmuş sərbəst toplaşmaq azadlığının məzmununun aydınlaşdırılması baxımından Konstitusiyanın 71-ci maddəsinin II hissəsi də mühüm əhəmiyyət kəsb edir. Həmin normada deyilir: «İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz». Bu müddəanın hərfi mənasından aydın görünür ki, insan hüquq və azadlıqlarını məhdudlaşdırmamaq vəzifəsi təkcə dövlət orqanlarına və ya nümayəndələrinə deyil, Azərbaycan Respublikasının ərazisində olan bütün qurumlara və şəxslərə ünvanlanmışdır.
Yəni bu müddəada nəzərdə tutulur ki, istənilən şəxs hər hansı bir əməli törədərkən, hər hansı bir fəaliyyətlə məşğul olarkən, o cümlədən Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarını həyata keçirərkən, digər şəxslərin hüquqlarının məhdudlaşdırılmasına və ya Konstitusiyanın 71-ci maddəsinin V hissəsində nəzərdə tutulduğu kimi ləğvinə yol verməməlidir. Bu maddədə deyilir: “Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz”.
(davamı var)