Həmin məhsulların istehsal mövsümü də nəzərə alınmaqla, kartofun ixracına bu ilin 30 aprelinədək, soğan və kələmin ixracına isə 31 may tarixinədək ixrac rüsumunun tətbiqinə başlanmış, habelə soğanın idxalına tətbiq olunan spesifik rüsum həmin müddətədək ləğv edilib
Ucnoqta.az xəbər verir ki, bu barədə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin birgə məlumatında deyilir. Məlum olduğu kimi, son vaxtlarda daxili bazarda kartof, soğan və kələmin qiymətində ciddi artım baş verib.
Bununla əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2019-cu il tarixli qərarı ilə beynəlxalq təcrübəyə uyğun olaraq, həmin məhsulların istehsal mövsümü də nəzərə alınmaqla, kartofun ixracına bu ilin 30 aprelinədək, soğan və kələmin ixracına isə 31 may tarixinədək ixrac rüsumunun tətbiqinə başlanmış, habelə soğanın idxalına tətbiq olunan spesifik rüsum həmin müddətədək ləğv edilib.
Atılmış bu addım daxili bazarda qiymət sabitliyinin təmin olunmasına, ölkə əhalisinin bu məhsullara olan tələbatının daha dolğun ödənilməsinə xidmət edir.
Sahibkarların məhsullarının satışında yarana biləcək çətinliklərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görüləcəkdir.