Rusiyada “Mercedes” avtomobillərinin istehsalına başlanır. Almaniyanın “Daimler” konserninin “Mercedes” avtomobilləri yığacaq zavodu bu gün Moskva vilayətində açılıb. Zavodun açılış mərasimində Prezident Vladimir Putin və Almaniyanın iqtisadiyyat naziri Peter Altmayer iştirak ediblər.
İllik istehsal gücü 25 min avtomobil olan zavod premium sinif “Mercedes-Benz” avtomobilləri istehsal edəcək. Müəssisənin təməli 2017-ci ildə Solneçnoqorskdakı keçmiş hərbi şəhərciyin ərazisində qoyulub. Layihəyə ümumilikdə 16 milyard rubl (250 milyon avrodan çox) investisiya yatırılıb. İlk olaraq konveyrdən “E-sinif” sedan avtomobilləri çıxacaq. Gələcəkdə GLE, GLC və GLS yolsuzluq avtomobillərinin də istehsalı nəzərdə tutulub. (azərtac)