Azərbaycan-İran enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib

15:36 - 6 Mart 2019 - İQTİSADİYYAT

İrana səfəri çərçivəsində İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranın enerji naziri Reza Erdekanian  ilə görüşüb.

Nazirlikdən Ucnoqta.az-a verilən məlumata görə, görüşdə Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın genişlənməsində Azərbaycan və İran prezidentlərinin siyasi iradəsini vurğulayıb.

Qeyd edilib ki, Azərbaycan və İran energetika sahəsində də uğurla əməkdaşlıq edirlər. Ölkələrimiz arasında “Xudafərin/Qız Qalası” və “Ordubad/Marazad" hidroqovşaqlarına dair sazişlər imzalanıb. Bu layihələrin tikintisi və istismarı üzrə Birgə Texniki Komissiya yaradılıb. Bundan başqa, 330 kv-luq Muğan (İmişli-Parsabad) elektrik xətti tikilib. Azərbaycandan İrana elektrik satışı üzrə Çərçivə Sazişi imzalanıb. 2018-ci ildə İranın enerjinin istehsalı, ötürülməsi və paylanması üzrə şirkəti “TAVANİR” ilə “Azərenerji” ASC arasında elektrik enerjisinin alqı-satqısı üzrə müqavilənin imzalanması elektroenergetika sahəsində əməkdaşlığa töhfə verir.

2018-ci ildə Bakıda Azərbaycan, İran və Rusiya elektrik enerjisi sistemlərinin birləşdirilməsi məqsədilə hər üç ölkənin energetika nazirləri müavinlərinin görüşü keçirilib, üçtərəfli işçi qrup yaradılıb. 2018-ci ilin oktyabrında Moskvada işçi qrupun ilk iclası keçirilib.

İqtisadiyyat naziri bildirib ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının bu ilin martında Bakıda keçiriləcək 13-cü iclasında digər sahələrlə yanaşı, enerji sahəsində də əməkdaşlığın inkişafı məsələsi müzakirə olunacaq.

İranın enerji naziri Reza Erdekanian ölkəsinin digər sahələrdə olduğu kimi, energetika sahəsində də Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, həyata keçirilən layihələrin həm İran, həm də Azərbaycanın enerji sistemlərinin inkişafında əhəmiyyətini vurğulayıb.

Görüşdə Azərbaycan-İran enerji əməkdaşlığının genişləndirlməsi, İran, Azərbaycan və Gürcüstan arasında “Cənub-Qərb” enerji dəhlizi üzrə şəbəkələrin birləşdirilməsi, Azərbaycan, İran və Türkiyə arasında elektrik enerjisi dəhlizinin yaradılması məsələləri müzakirə olunub.

Xəbər xətti