2018-ci ildə ölkə daxilində satılan qaza görə daxilolmalar 1 407,5 mln. manat təşkil edib.
Bu barədə Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatda qeyd olunub. “SOCAR tərəfindən 2018-ci ildə 12 mlrd. kubmetr təbii qaz, 204 min ton maye qaz satılıb. Təbii qazın 10,6 mlrd. kubmetri, maye qazın 151,6 min tonu daxili bazarda realizə olunub, maye qazın 51,8 min tonu isə ixrac edilib, əhali istehlakçılarına 3 mlrd. kubmetr təbii qaz verilib.
Hesabat ilində 1 798,2 mln. kubmetr qaz idxal, 1 423,4 mln. kubmetr qaz isə ixrac olunub.
Ölkədə satılmış qaza görə daxilolmalar 1 407,5 mln. manat, ixrac qazına görə isə 384,9 mln. manat təşkil edib. Tələbata uyğun olaraq Naxçıvan Muxtar Respublikası 237 mln. kubmetr təbii qazla təmin olunub.
2018-ci ildə qaz itkilərinin azaldılması istiqamətində məqsədyönlü işlər görülüb. Paylayıcı şəbəkədə həyata keçirilmiş tədbirlər nəticəsində ölkə üzrə qaz itkiləri əvvəlki illə müqayisədə 187 mln. kubmetr azalıb.
Payız-qış mövsümündə istehlakçıların fasiləsiz qaz təminatı məqsədilə yeraltı qaz anbarlarına 2 mlrd. kubmetrə yaxın təbii qaz vurularaq 3,1 mlrd. kubmetrdən çox qaz ehtiyatı yaradılıb. 2019-cu ildə bu həcmin 3,5 mlrd. kubmetrə çatdırılması nəzərdə tutulur./report