Dünya iqtisadiyyatı üçün 10 Risk
19:06 - 26 Fevral 2019 - İQTİSADİYYAT
Böyük Britaniyanın “The Economist” jurnalı dünya iqtisadiyyatı üçün 10 riski açıqlayıb.
“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Jurnalın mütəxəssisləri hesab edir ki, dünya iqtisadiyyatının perspektivləri pisləşir. 2019-cu ildə qlobal iqtisadi artım 2018-ci illə müqayisədə 1 faiz bəndi az - 2,8% təşkil edəcək. 2020-ci ildə isə bu rəqəm 2,6%-ə düşəcək.
Bu il dünyada iqtisadi inkişafa mane ola biləcək ən ciddi təhlükə kimi ticarət müharibələri göstərilib. Növbəti yerlərdə ABŞ iqtisadiyyatındakı tənəzzül və inkişaf etməkdə olan ölkələrin bazarlarındakı genişmiqyaslı böhran qərarlaşıb. Dünya iqtisadiyyatına zərbə vuracaq riskləri arasında Çində başlaya biləcək iqtisadi böhran da var.
Bundan başqa, "The Economist" bəyan edib ki, dünya bazarında neft qıtlığının yaranması və qiymətlərin artması, Cənubi Çin dənizində Spratli arxipelaqının kimə məxsus olması ilə bağlı hərbi əməliyyatların başlaması da iqtisadi inkişafa mane ola bilər. Qeyd edək ki, bu adalar qrupuna Çin, Vyetnam, Tayvan, Malayziya, Filippin və Bruney iddialıdır. Bundan başqa, Çin, Tayvan və Vyetnamın iddialı olduqları Parasel adaları, Çin, Filipin və Tayvanın iddialı olduqları Skarboro riflərində də hərbi əməliyyatların başlaması riskləri var.
Həmçinin böyük internet resurslarının kiberhücumlardan əziyyət çəkməsi, Koreya yarımadasında hərbi əməliyyatların başlaması, Böyük Britaniyanın avrozonadan razılaşma olmadan çıxması, İtaliyadakı siyasi və iqtisadi qeyri-sabitliyin bank böhranına səbəb ola bilməsi də dünya iqtisadiyyatı üçün risklər kimi göstərilib.