TAP layihəsi 85 faizdən çox icra olunub
23:58 - 19 Fevral 2019 - İQTİSADİYYAT
Energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurasının V iclası çərçivəsində Bakıda səfərdə olan TAP-ın icraçı direktoru Luca Schieppati və prezidenti Valter Peeraeri qəbul edib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə TAP-ın Albaniya, Yunanıstan və İtaliya hissəsində görülən işlər barədə ətraflı məlumat verilib.
L.Schieppati bildirib ki, Azərbaycan təbii qazını Avropaya nəql edəcək TAP qaz boru kəməri layihəsi üzrə işlərin 85 faizdən çoxu icra olunub. İtaliyada hazırda boru kəmərinin qəbulu terminalı, mikrotunel sahəsi və dənizə çıxış hissəsində işlər davam etdirilir. Onun sözlərinə görə, TAP 2020-ci ildə Azərbaycanı qazını qəbul etməyə hazır olacaq.
P.Şahbazov TAP layihəsi üzrə irəliləyişləri və İtaliya hökumətinin mövqeyini yüksək qiymətləndirib. Layihənin region ölkələri, o cümlədən İtaliya üçün bir çox aspektlərdən mühüm əhəmiyyət daşıdığını və TAP-ın tikintisinin planlaşdırılan vaxtda yekunlaşacağına əminliyini ifadə edib.