BP "Şahdəniz" yatağından qaz hasilatını artırıb

19:00 - 14 Fevral 2019 - İQTİSADİYYAT

2018-ci ildə "Şahdəniz" üzrə fəaliyyətlərə 578 milyon dollardan çox əməliyyat xərcləri və təqribən 1,44 milyard dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz 2" layihəsinə aiddir.

BP-dən Trend-ə verilən məlumata görə, 2018-ci ildə "Şahdəniz" yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam edib.
İl ərzində yataqdan 11,5 milyard standart kubmetr qaz və 2,5 milyon ton (təqribən 20,5 milyon barel) kondensat hasil edilib. 2017-ci ildə bu göstərici müvafiq olaraq 10,2 milyard kubmetr qaz və 2,4 milyon ton kondensat olub.

2018-ci ildə, həmçinin "Şahdəniz" yatağından ümumi qaz hasilatının 100 milyard kubmetrə çatması qeyd edilib. Bu nailiyyət yataqdan ilk kommersiya qaz həcmlərinin hasilatına başlandığının və Cənubi Qafqaz boru kəmərinin işə düşdüyünün elan edildiyi vaxtdan tam 12 il sonra – dekabrın axırlarında əldə edilib.
Mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündə 48 milyon (ildə təqribən 16 milyard) standart kubmetrdir.

2018-ci ildə Şahdəniz Alfa platformasında SDA11 quyusu qazılıb və tamamlanıb. Bundan əlavə, SDA04 və SDA05 quyularında texniki bütövlüklə bağlı bəzi qazma əməliyyatları da aparılıb.
İstiqlal qazma qurğusu beş sualtı quyunu tamamlayıb – ikisi qərb cinahda, üçü isə şərq cinahda. "Maersk Explorer" qurğusu SDH02A quyusunu tam dərinliyinədək qazıb.

Bu iki qurğu "Şahdəniz 2" hasilatı və sonrakı tədrici artım üçün artıq 15 quyu qazıb, bunlardan yatağın şimal cinahında dörd quyu, qərb cinahında dörd quyu və şərq cinahında üç quyu tamamlanıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

2018-ci ilin əvvələrində "Cənub Qaz Dəhlizi" boyunca bütün layihələrdə əldə edilmiş bir sıra mühüm istismar sınaqları və təhvil vermə nailiyyətlərindən sonra 29 may 2018-ci il tarixində Səngəçal terminalında "Cənub Qaz Dəhlizi" layihəsinin rəsmi açılış mərasimi keçirilib. Bunun ardınca 30 iyun 2018-ci ildə "Şahdəniz 2" layihəsindən Türkiyəyə ilk kommersiya məqsədli daşımalar plana uyğun şəkildə başlayıb.

İyulun 30-da yatağın şimal cinahındakı SDC03Z quyusunun ventili açılaraq Şahdəniz Bravo platformasından ilk qaz əldə olunub. Bu da ümumilikdə Xəzər dənizində sualtı quyudan çıxarılan ilk hasilat olmaqla və təhlükəsiz, büdcədən aşağı və cədvəli qabaqlayaraq həyata keçirilməklə çox mühüm bir nailiyyətdir. Hazırda Şahdəniz Bravo qurğularından qaz və kondensat Səngəçal terminalına ixrac olunur.

"Şahdəniz"də iştirak payları belədir: BP (operator - 28,8%), TPAO (19%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%)

Xəbər xətti