Elman Rüstəmov: 2019-cu ildə son hədəf inflyasiyanı 4 faiz səviyyəsində saxlamaq olacaq
16:10 - 26 Yanvar 2019 - İQTİSADİYYAT
Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 2018-ci ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilib.
AMB-dən verilən məlumata görə, qurumun struktur bölmələrinin və regional ərazi idarələrinin rəhbərlərinin iştirak etdiyi iclasda sədr Elman Rüstəmov çıxış edib.
E.Rüstəmov deyib ki, Prezident İlham Əliyevin irəli sürdüyü inkişaf strategiyasına, eləcə də Mərkəzi Bankın 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatına uyğun olaraq makroiqtisadi sabitliyin dayanıqlığının artırılması və onun iqtisadi artımın sürətləndirilməsində rolunun yüksəldilməsi qarşıda duran başlıca strateji vəzifədir: "Bu məqsədlə Mərkəzi Bank öz mandatına - qiymət sabitliyinin təmin olunmasına yönəldilmiş pul siyasətini davam etdirəcək. Aşağı inflyasiyalı makroiqtisadi mühitin formalaşdırılması üçün pul siyasətinin strateji və əməliyyat çərçivəsi daha da təkmilləşdiriləcək".
Sədr qeyd edib ki, 2019-cu il və ortamüddətli dövr üçün pul-kredit siyasətinin əsas məqsədi stabil aşağı inflyasiya səviyyəsinin təmin edilməsidir. Bunu nəzərə alaraq Mərkəzi Bank özünün stabilləşmə xarakterli monetar və məzənnə siyasətini davam etdirməklə dolayı yolla ictimai rifaha, iqtisadi artıma və məşğulluğa dəstək verəcəkdir.
E.Rüstəmov bildirib ki, 2019-cu ildə pul siyasətinin son hədəfi inflyasiyanı 4% (±2%) səviyyəsində saxlamaqla qiymət sabitliyinin Mərkəzi Bankın səlahiyyətləri çərçivəsində qorunması olacaqdır:
"İnflyasiya hədəfinə nail olmaq üçün Mərkəzi Bank sərəncamındakı pul siyasəti alətlərindən makroiqtisadi vəziyyətə adekvat istifadə edəcək, bu alətlər üzrə kəmiyyət parametrləri proqnozlaşdırılan və faktiki inflyasiya arasındakı fərqdən asılı olaraq çevik dəyişdiriləcək. Manatın ikitərəfli məzənnəsinin dayanıqlığı növbəti ildə də aşağı inflyasiyanın vacib şərtlərindən biri olacaq. Faiz siyasəti inflyasiya üzrə hədəfə nail olmaqdan asılı olaraq həyata keçiriləcək. Faiz dəhlizinin parametrləri haqda qərar ölkədə gedən makroiqtisadi proseslər, tsikl göstəricilərinin dinamikası, son proqnozlar və risklər balansında baş verən dəyişikliklər nəzərə alınmaqla qəbul ediləcək".
E.Rüstəmov onu da vurğulayıb ki, “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2018-ci il tarixli Fərmanına uyğun olaraq Mərkəzi Bank inflyasiyanın effektli idarə edilməsi məqsədilə pul siyasəti rejiminin təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görəcəkdir.
Mərkəzi Bank uzunmüddətli dövrə inflyasiyanın hədəflənməsi rejimini Azərbaycan üçün optimal pul siyasəti rejimi olaraq görür və rejimə keçid şərtlərinin reallaşdırılması istiqamətində işlər davam etdiriləcək.
Sədr vurğulayıb ki, pul siyasətinin transmissiya effektinin gücləndirilməsi və maliyyə sektorunun resurs bazasının möhkəmləndirilməsindəki rolunu nəzərə alaraq Mərkəzi Bank nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir. Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi yaxın üç ildə ölkədə nağd pul dövriyyəsini əhəmiyyətli azaltmalıdır. Bu da monetar nəzarətin gücləndirilməsi, habelə iqtisadiyyatın monetizasiya səviyyəsinin yüksəldilməsi ilə inflyasiyanın effektiv idarə edilməsinə müsbət təsir göstərəcəkdir.
Mərkəzi Bankın vacib funksional fəaliyyət istiqamətlərindən olan nağd pul sferası üzrə 2019-cu ildə tədavüldə nağd pulun strukturunun optimallaşdırılması, pul nişanlarının mühafizə sistemlərinin gücləndirilməsi, xatirə pul nişanlarının tədavülə buraxılması və bütövlükdə nağd pul idarəedilməsi sistemlərinin effektivliyin artırılması və avtomatlaşma səviyyəsinin daha da yüksəldilməsi diqqət mərkəzində olacaqdır.
E.Rüstəmov yeni çağırışlardan, xüsusilə də Ölkə Prezidentinin irəli sürdüyü inkişaf vəzifələrindən, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsindən, eləcə də Mərkəzi Bankının 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatından irəli gələn aidiyyəti vəzifələrin uğurla icrasında Mərkəzi Bankda strateji planlaşmanın, tədqiqat, analitik və proqnozlaşdırma bazasının, yeridilən siyasət və fəaliyyətin kommunikasiyasının, risk idarəetməsinin, insan kapitalının, idarəetmə proseslərinin, hüquqi dəstəyin daha da müasirləşməsi və inkişafının vacib rol oynayacağını diqqətə çatdırıb.