ABŞ səfirliyində viza üçün bütün qeydlər bugünlük ləğv edilib
ABŞ-ın Venesueladakı səfirliyi yanvarın 24-də adi rejimdə işləyəcəyini açıqlayıb. Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir. "ABŞ səfirliyi adi iş saatlarında fəaliyyət göstərəcək və yanvarın 24-də də təcili yardıma ehtiyacı olan bütün ABŞ vətəndaşlarını qəbul edəcək", - səfirliyin saytında bildirilib.
Eyni zamanda, səfirlikdən qeyd ediblər ki, viza üçün bütün qeydlər bugünlük ləğv olunub.
ABŞ vətəndaşlarına insanların kütləvi toplaşdığı yerlərdən və nümayişlərdən uzaq qalmaq tövsiyə edilib.
Qeyd edək ki, Venesuela parlamentinin sədri və müxalifət lideri Xuan Quaydo çərşənbə günü Karakasda keçirilən mitinq zamanı dövlət başçısı vəzifəsini icra etdiyini açıqlayıb. ABŞ Prezidenti Donald Tramp isə qanuni hakimiyyət kimi onu dəstəkləyib.
Daha əvvəl Nikolas Maduro ABŞ ilə diplomatik əlaqələrin kəsildiyini açıqlayaraq, Birləşmiş Ştatlarının diplomatik personalına ölkəni tərk etmək üçün 72 saat vaxt verib. Buna cavab olaraq, ABŞ dövlət katibi Maykl Pompeo bəyan edib ki, N.Maduro qeyri-qanuni prezidentdir və onun kiminləsə diplomatik əlaqələri kəsmək hüququ yoxdur.