Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar başlayıb.
“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə Prezidentinin Rusiyaya işgüzar səfəri çərçivəsində keçirilən görüşdən əvvəl dövlət başçıları jurnalistlərə qısa açıqlamalar veriblər.
Hər iki tərəf Kerç boğazındakı gəmi qəzası nəticəsində Türkiyə vətəndaşlarının həlak olması ilə əlaqədar başsağlığı veriblər. Türkiyə Prezidenti iki ölkə arasında turizm və ticarət əlaqələrinin inkişaf etdiyini, Rusiya dövlət başçısı isə türkiyəli həmkarı ilə mütəmadi təmaslarının ölkələr arasındakı əlaqələrin inkişafı baxımdan mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.
Prezidentlərin görüşündən sonra geniş tərkibdə aparılacaq danışıqlar əsnasında iki ölkə arasındakı münasibətlərlə yanaşı, Suriyadakı vəziyyət başda olmaqla bir sıra regional və beynəlxalq məsələlər ətrafında müzakirələrin aparılacağı bildirilir.
Türkiyə Prezidentinin ictimaiyyətlə əlaqələr üzrə müşaviri Fəxrəddin Altu sosial şəbəkədə paylaşdığı yazıda Suriya böhranının səfər gündəmində mühüm yer tutduğunu qeyd edərək Suriyada təkcə YPG terror təşkilatına qarşı mübarizə aparmaqdan savayı, həm də qonşu ölkədəki böhranın daha da dərinləşməməsi üçün siyasi çözüm əldə etməyə çalışdıqlarını vurğulayıb.