Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Azərbaycanda istehsal edilən məhsulların ixracının təşviqi və genişləndirilməsi, "Made in Azerbaijan" brendinin xarici ölkələrdə tanıdılması, satışının təşkili və əlaqələndirilməsi məqsədilə xarici ölkələrdə ticarət evlərinin yaradılması prosesi davam etdirilir.
Yanvarın 15-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən məşhur “The Mall” Ticarət Mərkəzində “Azərbaycan Ticarət Evi” açılıb. İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış “Azərbaycan Ticarət Evi” “Made in Azerbaijan” brendinin BƏƏ bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, yerli məhsullarımızın BƏƏ-də satışını təşkil edəcək, sahibkarlar arasında bu sahədə əlaqələndirməni həyata keçirəcəkdir.
Ticarət Evində Azərbaycan şirkətlərinin müxtəlif növ məhsullarının sərgisi təşkil olunub. Daimi fəaliyyət göstərəcək sərgidə 33 Azərbaycan şirkətinin istehsal etdiyi 600-dan artıq məhsul, o cümlədən meyvə və tərəvəzlər, quru meyvələr, fındıq, çay, mürəbbə, meyvə şirələri, mineral sular, limonadlar, konserv məhsulları, bitki yağları, süd və süd məhsulları, qənnadı məmulatları, kosmetik məhsullar və s. nümayiş olunur. Ticarət Evində Azərbaycanın zəngin mətbəxini təqdim edən restoran da fəaliyyət göstərir.
“Azərbaycan Ticarət Evi”nin fəaliyyətə başlaması ilə əlaqədar keçirilən tədbirdə İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti, BƏƏ-nin rəsmi şəxsləri və iş adamları iştirak ediblər.
Tədbirdə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev BƏƏ-də Azərbaycan Ticarət Evinin açılmasının dövlət başçılarının ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına verdikləri böyük önəmin, BƏƏ-də Azərbaycan məhsullarına olan marağın göstəricisi olduğunu vurğulayıb. Qeyd olunub ki, qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri uğurla inkişaf edir. Nazir qeyd edib ki, Azərbaycanın xarici ölkələr üzrə ilk ticarət nümayəndələrindən biri də məhz Birləşmiş Ərəb Əmirliklərinə təyin edilib, 2017-ci və 2018-ci illərdə Dubay, Əbu-Dabi və Şarja şəhərlərinə ixrac missiyaları təşkil olunub.
Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, nəqliyyat, xidmət sahələrində 290 BƏƏ şirkəti fəaliyyət göstərir. İndiyədək Azərbaycanla BƏƏ arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 30-dan artıq sənəd imzalanıb.
Azərbaycan və BƏƏ arasında ticarət əlaqələrinin inkişafını vurğulayan Şahin Mustafayev qeyd edib ki, ötən ilin 11 ayında 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkələrimiz arasında ticarət dövriyyəsi 51%, ixrac 31% artıb. Ölkələrimiz investisiya qoyuluşu sahəsində də uğurlu əməkdaşlıq edir. İndiyədək BƏƏ Azərbaycana 2,1 mlrd. dollar, Azərbaycan isə BƏƏ-yə 330 mln. dollar investisiya yatırıb.
“ASAN Viza” sisteminin tətbiqi Azərbaycana turist səfərlərinin təşkilini asanlaşdırıb. 2018-ci ilin yanvar-noyabr aylarında BƏƏ-dən Azərbaycana gələn turistlərin sayı 2017-ci ilin ötən dövrü ilə müqayisədə 13% artıb. Ötən il Azərbaycan Turizm Bürosunun BƏƏ-də xarici turizm nümayəndəliyi açılıb.
Dubayda “Azərbaycan Ticarət Evi”nin açılması iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinə öz töhfəsini verəcəkdir.
Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Sultan Bin Saeed Al Mansoori Dubayda “Azərbaycan Ticarət Evi”nin fəaliyyətə başlamasının ikitərəfli iqtisadi əlaqələrin inkişafında mühüm addım olduğunu, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın və işgüzar münasibətlərin inkişafında əhəmiyyətini vurğulayıb, qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətlərinə dair fikirlərini bölüşüb.
Sonra tədbir iştirakçıları “Azərbaycan Ticarət Evi” və burada daimi fəaliyyət göstərən Azərbaycan məhsullarının sərgisi ilə tanış olublar.
Qeyd edək ki, BƏƏ-də açılan “Azərbaycan Ticarət Evi” ölkəmizin xaricdə yaradılmış sayca 7-ci ticarət evidir.
Bu gün həmçinin, BƏƏ-də Azərbaycanın Ticarət Nümayəndəliyinin ofisi açılıb.
İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti və BƏƏ rəsmiləri Ticarət Nümayəndəliyinin ofisi ilə tanış olublar