Bu barədə klubun prezidenti vəzifəsindən ayrılmış Sayan Hamitcanov açıqlama verib
Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın formasını geyindiyi Qazaxıstanın “Astana” komandasına kimin rəhbərlik edəcəyi dəqiqləşib. “Report”un məlumatına görə, bu barədə paytaxt klubunun prezidenti postunu tərk edən Sayan Hamitcanov “Kazfootball”a müsahibəsində açıqlama verib. O bildirib ki, ötən ilin avqustunda “Astana”dan şəxsi işləri ilə əlaqədar ayrılmış baş məşqçi Roman Qriqorçuk geri dönüb: “Qriqorçuk “Astana”nın baş məşqçisi qismində yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərində baş tutacaq təlim-məşq toplanışında vəzifəsinin icrasına başlayacaq. Qriqori Babayan baş məşqçinin köməkçisi olaraq qalacaq. “Astana”nın baş məşqçi psotuna namizəd göstərilən Nenand Lalatoviçi tanımıram. Kurban Berdıyevə gəlincə, onun namizədliyinə heç vaxt baxmamışıq. Qriqorçuk və Babayan kimi ixtisaslı məşqçilərimiz olduğu halda, yenisini axtarmaq nəyimizə lazımdır?”
Qeyd edək ki, Roman Qriqorçuk ötən ilin mayında “Qəbələ”nin baş məşqçisi postunu tərk edərək, “Astana” ilə müqavilə bağlayıb. Qazaxıstan Premyer Liqası “yaz-payız” sistemi ilə keçirilir.