Azərbaycan millisinin futbolçusu Riçard Almeyda Qazaxıstan Premyer Liqasının ən bahalı futbolçuları sırasında yer alıb
Qazaxıstan Premyer Liqasında ən bahalı futbolçuların yeni qiymətləri açıqlanıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, transfermarkt.de saytının hazırladığı siyahıda ilk "10-luğ"a Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda da düşüb. "Astana" klubunda çıxış edən Almeydanın dəyəri 1,5 milyon avrodur. O həm də Azərbaycan yığmasının ən bahalı oyunçusudur. Braziliya əsilli pleymeyker macarıstanlı həmklubu Laslo Klyaynhayslerlə birgə 9-10-cu yerləri bölüşür.
"Qarabağ"ın daha bir sabiq futbolçusu, hazırda "Astana"da çıxış edən hücumçu Pedro Enrike isə 2-ci pillədə yer alıb. Onun qiyməti 2,8 milyon avrodur. İlk pillədə bu klubun 3 milyon avro dəyərə malik xorvatiyalı yarımmüdafiəçisi Marin Tomasov qərarlaşıb. Hərəyə 2,5 milyon avro qiyməti olan Dmitri Şomko və Roman Murtazayev 3-4-cü yerləri bölüşürlər. Onlar da Qazaxıstan çempionunun formasını geyinirlər.
Qeyd edək ki, Riçard Almeyda "Astana" ilə iyulun 4-də, Pedro Enrike ilə isə iyulun 14-də müqavilə bağlayıb. Onların yaxın vaxtlarda "Qarabağ"a qayıdacaqlarına dair xəbər yayılıb.