“Neftin ucuzlaşması fiskal baxımdan bizim üçün əlverişli deyil”

13:57 - 26 Dekabr 2018 - İQTİSADİYYAT

Vüqar Bayramov: “Gələn il büdcə gəlirlərinin formalaşmasında neftin dünya bazar qiyməti həlledici olaraq qalacaq”
Vüsalə Əhmədova: “Qiymət azalmasının bir səbəbi də 2019-cu ildə dünyada neftə olan tələbatın azalacağıdır”
Elçin Bayramlı: “Əlbəttə, bu tendensiyanın davam etməsi bizə zərər vurur, gəlirlərimiz azalır”


Dövlət büdcəsində Brent markalı neftin bir barrelinin qiyməti 60 dollar  nəzərdə tutulub. Dünən dünya bazarında bu göstərici 48 dollaradək aşağı düşüb. Bəs, neftin ucuzlaşması büdcəyə və Azərbaycanın gəlirlərinə nə kimi təsirləri ola bilər? Növbəti ildə artım gözlənilirmi?
Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən iqtisadçı-alim Vüqar Bayramov bildirdi ki, Federal Ehtiyatlar Sisteminin (FED) uçot stavkasının yüksəltməsi neft bazarına təzyiqi daha da artırdı. Brent markalı neftin hər barrelinin qiyməti 48 dollaradək azaldıqdan sonra stabillik müşahidə olunsa da, bunun uzun müddətli olacağını söyləmək çətindir: “Gələn ilin büdcəsində neftin bir barrelinin qiymətinin 60 dollardan hesablandığını nəzərə aldıqda neftin ucuzlaşması fiskal baxımdan bizim üçün əlverişli deyil”.

V.Bayramovun sözlərinə görə, neftin mövcud qiyməti hətta 2018-ci ilin büdcəsində nəzərdə tutulan qiymətdən də azdır: “Doğrudur, bu il neftin orta qiyməti kifayət qədər yüksək olduğundan bazardakı son enişlər 2018-ci il büdcəsinin gəlirlərinə təsir etmir. Bununla belə, gələn il büdcə gəlirlərinin formalaşmasında neftin dünya bazar qiyməti həlledici olaraq qalacaq. FED 0.25 faizlik artım ilə bazarda şok yaratmamağa çalışsa da, son qərar inkişaf etməkdə olan ölkələrin və eləcə də bizim valyuta bazarımıza psixoloji təsir göstərməkdədir. Avropa Birliyi büdcəsi ilə bağlı İtaliya ilə əldə edilən razılıq avroya müəyyən nəfəs versə də, avrozonadakı nümayişlər köhnə qitənin vahid valyutasının möhkəmlənməsinə imkan vermir”.

İqtisadçı-alim onu qeyd etdi ki, qlobal bazarlar da ili qeyri-müəyyənliklərlə başa vurmaqdadırlar: “Beynəlxalq maliyyə qurumları gələn il üçün qlobal iqtisadi artım faizini aşağı saldıqları üçün gələn il dünya əmtəə və valyuta bazarlarında qeyri-müəyyənliklərin davam edəcəyi gözlənilir”.

İqtisadçı-ekspert Vüsalə Əhmədova isə bildirdi ki, neftin qiymətləri yenidən təxminən 8% aşağı düşdü və Brent markalı neftin bir barreli 48,98 dollara təklif olundu. Oktyabr ayındakı yüksəlişin ardından bu eniş demək olar 40% təşkil edir: “Qiymət azalmaları bir sıra faktorlara bağlıdır. İlk olaraq buna ABŞ-da hasilatın artması göstərilə bilər. Noyabr ayı üzrə ABŞ-ın ortalama neft hasilatı sutkada 11,6 milyon barrel təşkil edirdi. Bu rəqəm qiymətlərin düşməsini bir baxıma sürətləndirdi. Dekabr ayının ikinci yarısından etibarən ABŞ-ın xam neft ehtiyatlarında əhəmiyyətli dərəcədə artım olduğu görünür. Hazırda OPEK tərəfindən sutkalıq hasilatın azaldılması isə qiymətlərə bir o qədər də təsir etməyəcək”.

V. Əhmədova şist neft hasilatının 2019-cu ildə də bazara hakim olacağını və qiymətlərdə azalmanın davam edəcəyini düşünür. Bildirir ki, 2019-cu il üçün şist neft istehsalının artım proqnozu çox güclüdür: “Məncə, bunun üçün DUC (qazılmış, lakin tamamlanmamış quyular) sayına diqqət yetirmək kifayətdir. DUC-lar əslində istifadə edilməmiş istehsal potensialını təmsil edir ki, onlar da tez bir zamanda minimal xərclərlə istismara açıla bilər. Lakin 2019-cu ildə onların çoxunun necə istifadə oluna biləcəyini də dəqiq müəyyənləşdirmək çətindir. Ancaq, neft qiymətlərinin hələ bir neçə ay 50 dollardan da aşağı olacağını deməyə əsas verir. Bundan əlavə, OPEK və Rusiyanın hasilatı məhdudlaşdırması kifayət qədər deyil. Rusiya və OPEK dekabr ayının əvvəlində neft hasilatının azaldılması ilə bağlı razılığa gəldilər. Yanvar ayında qüvvəyə minəcək hasilat azaldılmasına görə Səudiyyə Ərəbistanı sutkada 400 min barrel, Rusiya isə 228 min barrel hasilatı azaldacaqlar. Rəqəmlərə diqqətlə nəzər salsaq, ABŞ-ın iyun-noyabr ayları üzrə hasilatı sutkada 1 milyon barrel artırdığı halda, Rusiya və Səudiyyə Ərəbistanının göstərilən miqdarlarda hasilatı azaltması əhəmiyyətli görünmür. Bu bazarda qiymət artımını təmin etmək üçün kifayət deyil. Qiymət azalmasının digər bir səbəbi də 2019-cu ildə dünyada neftə olan tələbatın azalacağıdır. Tələbatın azalması dünya iqtisadiyyatında geriləmə ilə əsaslandırıla bilər. Bu xüsusilə inkişaf etməkdə olan ölkələrə şamil olunur”.

İqtisadçı-ekspert bildirir ki, bütün qeyd etdikləri gələn ilin ilk yarısı üçün neft qiymətlərinin 40-58 dollar arasında olacağını proqnozlaşdırmağa əsas verir: “Bir nüansı da nəzərinizə çatdırım ki, Səudiyyə Ərəbistanı 2019-cu il üçün dövlət büdcəsi xərclərini əhəmiyyətli dərəcədə artıracağını (295 milyard dollaradək) planlaşdırıb. Xərclərin qarşılanması üçün gərək Səudiyyə Ərəbistanı neftin barrelini 85-95 dollara satsın. Səudiyyə Ərəbistanının öz büdcəsini balanslaşdırması üçün neft qiymətlərinin artırılması istiqamətində tədbirlər görəcəyi də söylənilir. Ancaq, bu söyləntilərin reallaşacağını düşünmürəm. 2018-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcə gəlirləri 14 437,2 milyon manat təşkil edib. Bildiyiniz kimi 2018-ci ilin büdcəsində 1 barrel neftin qiyməti 45 dollar səviyyəsində götürülmüşdü. Ancaq il ərzində neft qiymətlərində artım oldu və bu da büdcədə nəzərdə tutulan bir sıra layihələrin reallaşdırılmasını təmin etdi. 2019-cu il üçün dövlət büdcəsi və Dövlət Neft Fondunun gəlirlərinin hesablanmasında isə bir barrel xam neftin satış qiyməti 60 ABŞ dolları səviyyəsində qəbul edilib. Neft qiymətlərinin göstəriləndən aşağı olacağı büdcə gəlirlərinin azalmasına, dolayısı ilə manatın məzənnəsinə təsir edə bilər”.

Altay Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Elçin Bayramlı bildirdi ki, son günlərdə neftin qiymətində azalma müşahidə olunur. Əlbəttə, bu tendensiyanın davam etməsi bizə zərər vurur, gəlirlərimiz azalır: “Hələlik qiymət kritik həddə deyil, büdcədə neftin qiyməti optimist ssenari üzrə götürülüb - 60 dollar. Qiymət bu civarda qalsa dövlət büdcəsinə təhlükə yoxdur, lakin  neft Fondunun  gəlirləri olmayacaq. Əgər bundan aşağı düşsə, həm fond gəlir əldə etməyəcək, həm də büdcənin gəliri azalacaq. Lakin düşünürəm ki, bu müvəqqətidir”.

E.Bayramlı bildirdi ki, neftin ədalətli qiyməti 60-70 dollar arasındadır: “OPEK və digər neft ixrac edən ölkələr neftin qiymətinin bu həddən aşağı düşməsində maraqlı deyillər və bunun qarşısını almaq üçün müvafiq tədbirlər görürlər. Bəd ayaqda, yeni bir qərarla istehsalı daha da azaldacaqlar. Bu halda tələb təklifdən yuxarı olacaq və qiymət bahalaşacaq”.

Ümumiyyətlə, ekspert hesab edir ki, neftin qiyməti ilə bağlı vəziyyət ABŞ və Britaniyanın başçılığı ilə qlobal birjaları və maliyyə sistemlərini əlində saxlayan qüvvələrin həyata keçirdiyi spekulyasiyalarla bağlıdır, burada bazar şərtləri heç bir rol oynamır. Lakin spekulyasiyalar da bir yerə qədər keçərlidir”.   
Gələn il qiymətdə artım gözlədiyini nəzərə çatdıran E.Bayramlı deyir ki, İrana qarşı sanksiyalar, həmçinin Çinin və Hindistanın neftə tələbatının durmadan artması qlobal bazarda neftə tələbi artıracaq: “Əslində, istehsalın azaldılması neft ixrac edən ölkələrə zərərli deyil. Qiymət 60 olanda 100 barel satıb 6000 dollar əldə edirlərsə, qiymət 80 olanda 80 barel satıb 7000-ə yaxın dollar əldə edəcəklər. 10 dollar əlavə qazanc olur, qalan 20 barel də yataqda ehtiyat kimi qalır”. 

Ekspert qeyd edir ki, hətta neftin qiyməti pik həddə olsa belə, hökumət neftə arxayın olmamalıdır, qeyri-neft sektorunun inkişafı sürətləndirilməlidir: “Xammal ixracından qurtulmaq lazımdır. Digər sahələrin inkişafının vacibliyi bir yana, neftin özünü belə xammal kimi yox, emal olunmuş hazır məhsullar formasında sataraq dəfələrlə daha çox gəlir əldə etmək mümkündür”.

Könül Oruc 

 

 

Xəbər xətti