AFFA "Qarabağ"ı cərimələyib

12:55 - 25 Dekabr 2018 - İDMAN

AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda baş verənlərlə bağlı qərarlarını açıqlayıb. 

"Report" Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, "Sumqayıt"ın 4 futbolçusu "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları matçda sarı vərəqə aldıqları üçün klub 800 manat məbləğində cərimə olunub. Oyunun 85-ci dəqiqəsində "gənclik şəhəri" təmsilçisinin oyunçusu Arif Daşdəmirov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb. Kluba isə 200 manat cərimə tətbiq olunub.
"Sabah"ın 4 oyunçusu evdə "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları matçda sarı vərəqə alıb və klub 800 manat ödəməli olacaq. Komandanın futbolçusu Erik Ramos sözügedən matçda ikinci sarı vərəqə alaraq meydandan qovulduğu üçün 1 oyunluq cəza alıb, kluba isə 200 manat cərimə kəsilib.

"Qarabağ"ın 6 oyunçusu "Keşlə" ilə 1:1 heç-heçə etdikləri matçda sarı vərəqə aldıqları üçün kluba 800 manat cərimə tətbiq olunub. 89-cu dəqiqədə Ağdam təmsilçisinin müdafiəçisi Yakub Jezniçak ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub isə buna görə 200 manat ödəyəcək.
Qarşılaşma başa çatandan sonra "Qarabağ"ın azarkeşləri pirotexniki vasitələrdən istifadə edib. Klub buna görə də 800 manat ödəməli olacaq. 

Xəbər xətti