Azərbaycanda noyabr ayı üzrə gündəlik neft hasilatı 801 min barel olub.
Ucnoqta.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, noyabr ayında gündəlik neft hasilatının həcmi oktyabr ayından 2,3% çox olub. Ötən ay hasilatın 733 min barelini xam neft, 68 min barelini kondensat təşkil edib. Gündəlik 605 min barel xam neft, 68 min barel kondensat, 6 min barel isə neft məhsulları ixrac edilib.
Energetika Nazirliyi noyabr ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
Qeyd edək ki, gündəlik neft hasilatı cari ilin yanvar ayında 814,6 min barel, fevral ayında 806 min barel, mart ayında 794 min barel, aprel ayında 785,7 min barel, may ayında 801 min barel, iyun ayında 792 min barel, iyul ayında 773 min barel, avqust ayında 774 min barel, sentyabr ayında 796 min barel, oktyabr ayında isə 783 min barel olub.
Xatırladaq ki, 2016-cı il dekabrın 10-da Vyanada imzalanmış “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycan hasilatı sutkada 35 min barel azaltmaq öhdəliyi götürmüşdü.
Cari ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən gündəlik 1,2 mln. barel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən 2019-cu ilin yanvar ayından etibarən Azərbaycan gündəlik hasilatın təxminən 20 min barel azaldılması ilə bağlı öhdəlik götürüb.