"Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə münasibətlərə xüsusi önəm verir".
Bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev BƏƏ-nin milli bayramı - Müstəqillik Günü münasibətilə Bakıda təşkil olunan rəsmi qəbulda deyib.
"Qarşılıqlı hörmətə, güclü dostluq və qardaşlığa, bunu daha da zənginləşdirən İslam irsinə əsaslanan əlaqələrimiz həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətt üzrə inkişaf edir və güclənir. Bunu şərtləndirən əsas amil kimi ölkə rəhbərlərinin siyasi iradəsi və yaxın dostluq münasibətlərini də xüsusi vurğulamaq lazımdır. Əməkdaşlığımızın möhkəm hüquqi bazası var. Bu günədək 40-dan çox sənəd və sazişlər imzalanıb", - o qeyd edib.
Nazir bildirib ki, cari il dekabrın 8-11-də Əbu Dabi və Şarja şəhərlərinə Azərbaycanın ixrac missiyası təşkil ediləcək: "Dubayda Azərbaycan ticarət evinin yaradılması istiqamətində işlər başa çatdırılır. Qarşlıqlı etimad, öz növbəsində, investisiya əməkdaşlığına müsbət dinamika verib. BƏƏ-nin ölkəmizə yatırdığı 2,1 milyard investiyanın 1,3 milyardı neft sektoruna, 806 milyonu isə qeyri-neft sektoruna yönəldilib. Azərbaycan tərəfindən isə BƏƏ-yə 330 milyon dollar sərmayə yatırılıb. Hazırda Azərbaycanda 300-ə yaxn BƏƏ şirkəti fəaliyyət göstərir".
"İki ölkə arasında iqtisadiyyatın bir çox sahələrində əməkdaşlıq imkanları genişdir. Ümidvaram ki, dövlət başçımızın müəyyən etdiyi siyasətə uyğun olaraq, birgə səylərimiz əsasında Azərbaycan-BƏƏ əməkdaşlığı bundan sonra daha da yüksələn xətlə inkişaf edəcək", - Ş.Mustafayev vurğulayıb.report