Futbol üzrə Uels yığma komandasının baş məşqçisi Rayan Qiqz Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana gözlənilən səfərini şərh edib.
Oxu.Az “Sky Sports” nəşrinə istinadən xəbər verir ki, Qiqz Azərbaycanda yaxşı hotellərin, infrastrukturun və gözəl stadionun olduğunu deyib.
“Düşünürəm ki, Azərbaycana edəcəyimiz səfər bizim üçün problem olmayacaq. Doğrudur, bizi uzun yol gözləyir, ancaq oraya bir gün tez gedəcəyik”, - baş məşqçi bildirib.
“Mançester Yunayted” klubunun əfsanəvi futbolçusu əlavə edib ki, qrupun ən təhlükəli rəqibi Xorvatiya yığmasıdır:
“Xorvatiya qrupun ən güclü komandasıdır. Onlar dünya çempionatının finalçısıdır, həmçinin Millətlər Liqasında əla çıxış ediblər. Modriç və Rakitiç dahi futbolçulardır. Biz onları dayandırmaq üçün yollar axtarmalıyıq”.
Qeyd edək ki, Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan Xorvatiya, Uels, Slovakiya və Macarıstanın yer aldığı E qrupunda çıxış edəcək.