Berlində təşkil edilmiş 1-ci Almaniya-Azərbaycan Biznes Dialoqunda 100-dən çox Azərbaycan və Almaniya şirkətinin iştirakı ilə iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın genişləndirilməsi, potensial tərəfdaşlarla ikitərəfli əlaqələrin qurulması və biznes imkanları müzakirə edilib.
İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, tədbirdə çıxış edənlər - Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov, Almaniya Bundestaqının deputatı Mark Hauptman, Almaniyanın Federal İqtisadi İşlər və Energetika Nazirliyinin dövlət katibi Tomas Barays və digərləri yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişlənməsində mühüm əhəmiyyətini vurğulayıb, ölkələrimiz arasında iqtisadi-ticarət münasibətlərinin inkişaf etdiyini, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu qeyd ediblər.
Diqqətə çatdırılıb ki, Azərbaycan Almaniyanın Cənubi Qafqazda əsas iqtisadi və ticarət tərəfdaşıdır, ölkələrimiz arasında iqtisadi münasibətlərin genişləndirilməsində Alman-Azərbaycan Xarici Ticarət Palatasının, Azərbaycan-Almaniya Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupun rolu əhəmiyyətlidir. İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarətində Azərbaycanın payının 70%-dən çox olduğunu, bu ilin 9 ayında ticarət dövriyyəsinin 80% artdığını qeyd edib.
Vurğulanıb ki, Azərbaycanda alman kapitallı 200-dən çox şirkət qeydiyyatdan keçib.
Almaniya tərəfindən Azərbaycana 560 milyon ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun 96%-i qeyri-neft sektorunun payına düşür. Ölkəmiz Almaniyanın “GİZ” təşkilatı, “KfW” İnkişaf Bankı ilə uğurlu əməkdaşlıq edir. Ölkələrimiz arasında energetika, kənd təsərrüfatı, nəqliyyat, təhsil, əczaçılıq, kimya və maşınqayırma sahələrində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar böyükdür. R.Məmmədov Azərbaycanda əlverişli biznes və investisiya mühitinin yaradıldığını, ölkəmizin Dünya Bankının “Doing Business 2019” hesabatında öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşdığını, dünyanın islahatçı 10 ölkəsi siyahısına daxil edildiyinı və ən çox islahat aparan ölkə elan olunduğunu vurğulayıb. Nazir müavini Alman-Azərbaycan Xarici Ticarət Palatasının Avropa İttifaqı şirkətlərinin rəyləri əsasında hazırlanmış “Avropa İttifaqı Biznes Mühiti Hesabatı: Azərbaycan 2018”də ölkəmizdə 5 ən yaxşı biznes mühiti göstəricisinin (siyasi sabitlik, işçilərin bacarığı, işçilərin məhsuldarlığı və s.) xüsusi qeyd edildiyini diqqətə çatdırıb, Almaniyaya Azərbaycanın ixrac missiyasının, Almaniya-Azərbaycan Biznes Dialoqunun iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı baxımından əhəmiyyətini vurğulayıb.
Tədbir “Biznes, kənd təsərrüfatı və turizm sahəsində əməkdaşlıq” və “Azərbaycan yeni tranzit və enerji şəbəkəsi kimi” panellərində müzakirələrlə davam etdirilib. Səfər çərçivəsində İqtisadiyyat nazirinin müavini R.Məmmədov Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun həmsədri, Almaniyanın İqtisadi Məsələlər və Enerji Nazirliyinin Xarici iqtisadi siyasət üzrə baş direktoru Ekhard Franzla görüşüb. Görüşdə energetika, kənd təsərrüfatı, nəqliyyat, təhsil, əczaçılıq, kimya, maşınqayırma və s. sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb, iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.