Merkel isə Trampla görüşü ləğv etdi
Bu gün dünyanın ən böyük iqtisadiyyatına malik ölkələri (G20) Argentinada toplanacaq. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, artıq bir sıra ölkə başçıları ötən gündən paytaxt Buenos-Ayresə gediblər. Onların arasında Cənubi Koreya lideri Mun Çje İn, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, İtaliya baş naziri Cuzeppe Konte, Fransa dövlət başçısı Emmanuel Makron, həmçinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman var.
ABŞ lideri Donald Tramp elə təyyarənin göyərtəsində olarkən həmkarları Vladimir Putin və Rəcəb Tayyip Ərdoğanla görüşü ləğv edib.
Eyni zamanda, Almaniya Nazirlər Kabineti bu gün məlumat yayaraq əvvəldən planlaşdırılan Merkel-Tramp görüşünün də ləğv edildiyini bəyan edib. Səbəb təyyarədə baş verən texniki nasazlıq səbəbi ilə kanslerin sammitə gecikməsidir.
Ən maraqlı məqam isə Fransa lideri Emmanuel Makronun həyat yoldaşı ilə hava limanına enişi zamanı yaşanıb. Belə ki, baş verən anlaşılmazlıq səbəbindən Makronu Argentinanın heç bir rəsmisi qarşılamayıb.
Qeyd edək ki, sammit noyabrın 30-dan dekabrın 1-nə kimi davam edəcək.