Bu gün Argentinanın paytaxtı Buenos-Ayresdə "Böyük iyirmilik" (G-20) ölkələrinin liderlərinin sammiti işə başlayacaq.
"Report" TASS-a istinadən xəbər verir ki, zirvə görüşü dekabrın 1-də başa çatacaq. Ötən ilin dekabr ayında G-20-də sədrliyi qəbul edən Argentina Prezidenti Maurisio Makri prioritet məsələlər kimi gələcəkdə iş yerləri və məşğulluq, inkişaf üçün infrastruktur və qida sektorunda davamlı gələcək mövzularını fərqləndirib.
Sammitdə G-20 liderləri bir sıra ikitərəfli görüşlər keçirəcəklər. Ən çox diqqət çəkən görüşlərdən biri ABŞ Prezidenti Donald Tramp ilə Çin Xalq Respublikasının sədri Si Tszinpin arasında olacaq.
Sammit günlərində asayişi, təqribən, 22 min argentinalı hüquq-mühafizə orqanı əməkdaşı qoruyacaq. Sammitin keçiriləcəyi "Costa Salguero" sərgi mərkəzinin ətrafındakı və nümayəndə heyətlərinin üzvlərinin qalacağı hotellərin olduğu ərazilər iki gün ərzində həm avtomobil, həm də piyadalar üçün bağll olacaq.