Sərbəst güləşçilərimiz Çeçenistanda üçüncü oldu

14:39 - 26 Noyabr 2018 - İDMAN

Çeçenistanın paytaxtı Qroznıda sərbəst güləş üzrə "Əhməd Kadırov" turniri keçirilib.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, komanda yarışında ölkəmizi yığmamızın böyük məşqçisi Zəlimxan Hüseynov və məşqçi Sadruddin Ayqubovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Ənvərbəy Dalqatov (65 kq), Ağahüseyn Mustafayev, Murtuzəli Müslimov (hər ikisi 70 kq), Abubakr Abakarov, Hacımurad Hacıyev (hər ikisi 74 kq), İbrahim Yusubov (79 kq), Murad Süleymanov (86 kq), Şərif Şərifov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Aslanbek Alborovdan (125 kq) ibarət kollektiv təmsil edib.

III dərəcəli beynəlxalq hakim Bəşir İsazadənin ədaləti qoruduğu turnirdə 6 komandanın iştirakı nəzərdə tutulsa da, son anda Özbəkistan güləşçilərinin Qroznıya səfəri baş tutmayıb. Belədə 5 komanda ("Axmat", Avropa, Azərbaycan, Qırğızıstan, Monqolustan) dairəvi sistem üzrə mübarizə aparıb. Qırğızıstan (10:0) və Monqolustana (8:2) qalib gələn millimiz "Axmat" (3:7) və Avropaya (4:6) məğlub olub. Yekunda 3-cü yeri tutan yığmamız 22 min dollar pul mükafatına sahib çıxıb.

Xəbər xətti