Tbilisinin mərkəzində müxalifət əleyhinə aksiya keçirilib

19:48 - 25 Noyabr 2018 - DÜNYA

Noyabrın 25-də Tbilisinin mərkəzindəki Azadlıq meydanında Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin lideri olduğu və ölkənin əsas müxalif qüvvəsi sayılan "Vahid Milli Hərəkat” Partiyasının əleyhinə kütləvi etiraz aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, iqtidar yönümlü "Nasizmə yox” ictimai birliyinin təşkil etdiyi aksiyaya minlərlə insan qatılıb. Etiraz aksiyasına "Vətənpərvərlər Alyansı” Partiyası da dəstək verib. Əllərində Gürcüstan bayrağını dalğalandıran aksiya iştirakçıları "Mişaya yox!”, "Milli hərəkatçılara yox!”, "Gürcüstanı qoruyaq!” şüarlarını səsləndiriblər. "Vətənpərvərlər Alyansı” partiyasının liderlərindən olan İrma İnaşvili çıxış edərək bildirib ki, meydana toplaşan insanlar ölkənin keçmişə qaytarılmasını istəmirlər.

​ "Biz terrorizm, zorakılıq və kasıblıq dövrünə qayıtmaq istəmirik. Prezident seçkilərinin ikinci turunda biz Salome Zurabişvilini dəstəkləməliyik, çünki ölkənin başqa seçimi yoxdur. Qriqol Vaşadzeni dəstəkləmək keçmişə qayıtmaq deməkdir”, – deyə İnaşvili vurğulayıb. Aksiya nəticəsində meydan ərazisindən keçən yolda avtomobillərin hərəkəti bir müddət dayanıb. Nümayiş dinc şəraitdə keçib və heç bir qarşıdurma qeydə alınmayıb.

Xəbər xətti