Ölkəmizdə fəaliyyət göstərmiş Kosovo türkü Naci Şensoyun matç.az saytına müsahibəsi
- Bu gün Millətlər Liqasının qrup mərhələsində Kosovo ilə Azərbaycan üz-üzə gələcək. Hər iki ölkənin futboluna bələd olan bir mütəxəssis kimi axşamkı oyunla bağlı nə düşünürsünüz?
- Çox çətin oyun olacaq. Hər iki komanda son oyununda qələbə qazanaraq, motivasiyasını yüksəltdi. Xüsusən də, Kosovo böyük hesabla qalib gəldi və bunu səfərdə etdi. Bu da futbolçularda özünəinamı xeyli artırdı. Üstəlik, nəzərə alaq ki, bu gün heç-heçə də Kosovoya kifayət edir.
- Hər iki komandanın qrup mərhələsində sərgilədiyi oyun və topladığı xal göz önündədi. Sizcə, bizi necə mübarizə gözləyir?
- Bir qədər əvvəl qeyd etdiyim kimi, gərgin oyun olacaq. Çünki qarşınızda özünəinamı pik həddə olan Kosovo olacaq. Azarkeşləri önündə çıxış edəcək komandaya qarşı oyanaycaqsınız. Bunlar sıradan amillər deyil.
- Sizin favoritiniz Kosovodu?
- Doğma azarkeşləri önündə oynayacaqlar. Bu və digər məqamları nəzərə alsaq, məncə, Kosovo matçın favoritidi.
- Azarkeşlərdən bəhs etdiniz. Kosovo fanatları çılğın olur? Futbolçularımızı təsir altına sala bilərlərmi?
- Əlbəttə. Görüş paytaxt Priştinada baş tutacaq. Amma Kosovo kiçik yerdi. Ölkənin hər yerindən, hətta mənim anadan olduğum və türklərin çoxluq təşkil etdiyi Prizrendən də azarkeşlər gələcək. Fikrimcə, bu gün tribunalar tam dolacaq.
- Dünən Priştinaya qar yağırdı. Havanın şaxtalı olmasını meydan sahiblərinin xeyrinə işləyəcək amil saymaq olarmı?
- Bəli, havanın soyuq və yağışlı olması Kosovonun xeyrinədi. Çünki onlar fiziki güc və dözümlülük üzərində qurulmuş futbol oynayırlar. Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanovun isə fəlsəfəsi texniki və sürətli futboldu. Görüşün ruhu və atmosferi çox fərqli olacaq. Qurban Qurbanov işini bilən mütəxəssisdi. Azərbaycan yığmasına və xətrini çox istədiyim Qurban qardaşıma uğurlar arzulayıram.
- Yəni oyunöncəsi yığmamızın ən böyük üstünlüyü Qurban Qurbanovdu?
- Şübhəsiz, ən böyük üstünlüyünüz odu. Qurban çox təcrübəli məşqçidi. “Qarabağ”la birlikdə belə önəmli matçlarda çox iştirak edib və uğurlu olub. O, belə durumlardan çıxa bildiyini dəfələrlə sübut edib.
- Azərbaycan yığması qələbə qazanmaq üçün necə oynamalıdı və nələrə diqqət yetirməlidi?
- Çox sakit olmalı, taktiki cəhətdən ağıllı oynamalıdı. Matçın 2/3 hissəsində oyundan qopmamaq vacibdi. Əgər hesabda geriyə düşsə, o zaman risk etməli olacaq. Bir sözlə, Azərbaycan yığması uğur qazanmaq istəyirsə, səbirlə oynamalıdı.
- Kosovo yığmasının qısa müddətdə yüksəlişini nə ilə əlaqələndirmək olar? Kənardan görünən odu ki, bu gedişlə 2-3 ildən sonra bu komanda daha güclü olacaq...
- Kosovo hələ yeni dövlətdi və FİFA tərəfindən 2-3 il əvvəl tanınıb. Hazırda İsveçrə millisində çıxış edən Şakiri, Caka, Mehmedi və bir çox tanınmış oyunçu kosovoludu. Artıq belə futbolçular başqa yığmaların deyil, öz millilərinin formasını geyinəcəklər. Kosovoda futbol çox sevilir və burdan həmişə istedadlı futbolçular çıxır. Bu baxımdan mən də Kosovo yığmasının getdikcə daha da güclənəcəyini düşünürəm.
- Səmimi cavab verin, bu gün hansı komandaya azarkeşlik edəcəksiniz?
- Bir türk kimi Türkiyədə yaşamağıma baxmayaraq, kosovoluyam. Ancaq Azərbaycanın çörəyini yemişəm. Yəni bu, bir uşağa “ananı, yoxsa atanı çox istəyirsən”, - sualı kimi oldu. Kim layiqlidisə, o da qalib gəlsin. Hər iki komandaya uğurar arzulayıram.