“Son matçımıza çıxırıq. Hər iki komanda üçün çox vacib oyundu. Oyunçuların fərdi keyfiyyətləri baxımından çox güclü rəqiblə üz-üzəyik. Bu cür komandaya qarşı oynamaq xoşdu. Futbolçularıma da inanıram və onların lazımi nəticəni əldə edəcəklərinə şübhəm yoxdu”.
Bu sözləri milli komandamızın baş məşqçisi Qurban Qurbanov deyib. Kosovo ilə Millətlər Liqasının son matçından öncə mətbuat konfransı keçirən təcrübəli çalışdırıcı daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Sizdən öncə Kosovo millisinin baş məşqçi yığmamız haqqında xoş sözlər səsləndirdi və dedi ki, Azərbaycan favoritdi. Siz qrup matçları başlamamış kimi favorit görürdünüz, bəs indi kimi üstün hesab edirsiniz? İkinci sual, millimiz rəqibini hansı amillərə görə qabaqlaya bilər?
- Xoş sözlərə görə rəqib məşqçiyə təşəkkür edirəm. Xatırlayırsınızsa, ilk günlərdən bu rəqib haqqında xoş sözlər demişdim. İndi də təkrar edə bilərəm ki, bu komandanın çox böyük potensialı var. Sabahkı matçda da əsas üstünlükləri doğma meydança və azarkeşlər olacaq. Biz də bura qələbə üçün gəlmişik, amma mənim üçün həmişə nəticədən öncə meydandakı oyun və xarakter üstün olub. Bütün futbolçularımı tanıyıram və bilirəm ki, nəticə üçün meydanda nə qədər əziyyət çəkirlər. Hər şey istədiyimiz kimi alınsa, düşünürəm ki, qalib gələcəyik. İnidiki məqamda hazırda kimin favorit olmasını deyil, sadəcə qələbə qazanmağı düşünürük.
- İki məqama toxunmaq istəyirəm. Əvvəlcə, 3 gün ara ilə ikinci oyun olacaq. Fiziki cəhətdən komanda hazırdımı? İkinci məqam, rəqib oyunu müdafiədən qursa, biz onların müdafiə xəttini yara biləcəyikmi? Nəyin hesabına bunu bacara bilərik?
- Açıq danışsaq, fiziki yorğunluq ola bilər. Amma bu barədə düşünmürük. Nəzərə alaq ki, rəqiblə eyni qrafiklə oynamışıq. Şərtlər bərabərdi. Qalib gəlmək istəyiriksə, heç bir maneəyə baxmamalıyıq. Meydanda nə lazımdı, onu da etməliyik. Qaldı ki, müdafiəni yarmaq məsələsinə, hər bir halda rəqib öz meydanında çıxış edir və onların əsas üstünlüyü hücum etmək bacarığıdır. Baş məşqçiləri təcrübəli mütəxəssisdir. Ən düzgün qərarı o verəcək. Biz isə çalışacağıq ki, daim hücumda oynayaq. Onların müdafiədən oynamaqları bir az da bizdən asılıdır. Nə qədər məcbur etsək, o qədər arxadan oynayacaqlar.
- Kosovo son oyunda rəqibinə 5 qol vurub. Sabah da evdə çıxış edəcəklər və tribunalar dolu olacaq. Onların güclü hücumlarına qarşı nə hazırlamısız?
- Həm Malta ilə, həm də ondan öncəki oyunlar göstərir ki, rəqibin hücum potensialı çox yüksəkdir. Həmişə demişəm ki, individual olaraq düzgün müdafiə olunmağı bacarmalıyıq. Sabah şəxsi müdafiə keyfiyyətlərimiz çox yüksək olmalıdı. Komanda şəklində də çalışmalıyıq ki, rəqibin hücumları az olsun.
- Zədəlilərdən Paşayevin durumu nə yerdədi? Əlavə zədələnən oyunçu var?
- Paşayevlə bağlı son qərarı sabah verəcəyik. Kamranın oynamayacağını bilirsiz. Digər kiçik, mikrozədəli oyunçular isə matça qədər hazır olacaqlar. Zədələr və digər itkilər haqqında düşünmək istəmirəm. Bütün oyunçularıma ürəklə baxıram, onları tanıyıram və nə qədər istəkli və həvəsli olduqlarını görürəm.
- Farer Adaları ilə oyunla müqayisədə heyətdə çox dəyişikliklər olacaq?
- Heyətlə bağlı ənənəvi olaraq heç bir açıqlama verməyəcəm. Amma hər bir halda fikrimdə müəyyən şablon var. Səhər məşqindən sonra tam bilinəcək.
- Kamran Ağayev milliyə kömək edə bilmədiyi üçün çox üzgün olduğunu bildirib. Siz bu barədə nə düşünürsüz?
- Biz Kamranla bu haqda danışmışıq. Çox insanlar narahatdır. Hamı, o cümlədən Ağayev də gözləyir bu oyunu. İstərdik ki, bütün komanda üzvləri yanımızda olsunlar. Bu alınmayanda isə öz hisslərini, arzularını bizə yollayırlar. Kamrana da zədəsini tezliklə sağaltmağı arzu edirəm.matc.az