Millətlər Liqasının qrup mərhələsi çərçivəsində millimizin qonağı olacaq Farer adalarının start “onbirliy”i müəyyənləşib. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Lars Olsen 5-4-1 taktiki sxemdən istifadə edəcək.
Bakı Olimpiya Stadionundakı qarşılaşmada qapını Qunnar Nilsen qoruyacaq. Müdafiənin mərkəzindəki “trio”nu Odmar Feryo, Atli Qreqersen və Sonni Raqnar Nattestad təşkil edəcək. Gilli Rolandtsson Sorensen və Vilyormur Davidsen müdafiənin cinahlarında yer alacaq.
Hallur Hansson və Roqvi Baldvinsson orta sahədə mübarizə aparacaq. Sölvi Vatnhamarla Brandur Hendriksson Olsen cinahlardan hücuma dəstək olacaq. Komandanın yığmamızla matçda qol ümidi isə Klemint Andrasson Olsen olacaq.
Qeyd edək ki, Azərbaycan – Farer adaları görüşü noyabrın 17-də keçiriləcək.