CNN telekanalı ABŞ prezidenti Donald Trampı jurnalist Cim Akostanın Ağ Evə girişini qadağan etdiyi üçün məhkəməyə verib.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə telekanalın açıqlamasında bildirilir. Qeyd olunur ki, prezidentlə birlikdə onun bəzi köməkçilərinə qarşı da dava açılıb.
Xatırladaq ki, noyabrın 7-də Ağ Evdə D. Trampın iştirakı ilə keçirilən mətbuat konfransında CNN müxbiri Cim Akosta prezidentə ABŞ-a sığınan mühacirlər və Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı aparılan araşdırma haqqında sual ünvanlamış və sərt cavabla üzləşmişdi.
ABŞ prezidenti “İmkan ver ölkəni özüm idarə edim. CNN-i də sən idarə et” dedikdən sonra çıxışına davam edən jurnalistə əsəbiləşərək “Sən çox kobud və bərbad bir insansan. CNN-də yalan xəbərlər yayımladığınız üçün də xalqın düşmənisiniz” şəklində reaksiya göstərmişdi.
Baş vermiş qalmaqaldan sonra Akostanın Ağ Evdə akkreditasiya kartı gizli xidmət əməkdaşları tərəfindən əlindən alınmışdı.