Futbol üzrə Azərbaycan Premyer Liqasının X turunda daha bir oyun keçirilib.
Günün ikinci matçında “Qarabağ” “Sumqayıt”ı qəbul edib. “Azərsun Arena”nın işıqlandırma sistemində problem olduğu üçün görüş Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.
Qarşılaşmada hesabı 25-ci dəqiqədə Ağdam komandasının futbolçusu Simoen Slavçev açıb. Bolqarıstanlı yarımmüdafiəçi cərimə meydançasının daxilində qəbul etdiyi topu hiyləgər zərbə ilə qapıdan keçirib. Bu, yay fasiləsində transfer olunan legionerin “Qarabağ”da ilk qolu olub.
Meydan sahibləri ikinci hissənin əvvəlində də qol vurmağı bacarıblar. Oyunun 57-ci dəqiqəsində künc zərbəsindən sonra rəqibin cərimə meydançasında yaranan qarışıqlıqdan istifadə edən Con Delarj fərqlənib. Bu matçda son qol olub və Ağdam təmsilçi 5 oyunluq aradan sonra qalib gəlib.
Bu nəticədən sonra komandaların turnir cədvəlindəki mövqelərində dəyişiklik baş verməyib. Xallarını 20-yə çatdıran “Qarabağ” 2-ci, 11 xalı olan “Sumqayıt” isə 5-ci pillədə qərarlaşıb.
Tura sabah keçiriləcək “Qəbələ” – "Sabah” və "Zirə - “Səbail” matçları ilə yekun vurulacaq.
Bundan əvvəl “Neftçi” "Keşlə"ni məğlub edib.report