Saatlı rayonunun Qaracalar kəndində Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə maliyyələşdirilən "Sosial-iqtisadi inkişaf fəaliyyəti" (SEDA) layihəsi çərçivəsində yem emalı müəssisəsi fəaliyyətə başlayıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, bununla əlaqədar oktyabrın 25-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin və icma üzvlərinin iştirakı ilə tədbir keçirilib.
Tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Natiq Həsənov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkəmizdə sahibkarlığın inkişafı, bu sahədə həyata keçirilən islahatlar və dəstək mexanizmləri barədə məlumat verib, sahibkarlığın, o cümlədən kiçik və orta biznesin inkişafının iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Qeyd olunub ki, ölkədə kiçik və orta biznesin inkişafına dəstək məqsədilə yaradılan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi “KOB Dostu”, “KOB evi” kimi dəstək mexanizmləri vasitəsilə sahibkarlara məsləhət, informasiya və digər xidmətlər göstərəcəkdir. Regionlarda icma əsaslı biznesyönümlü layihələrin icrası, o cümlədən Saatlı rayonunun Qaracalar kəndində yem emalı müəssisəsinin istifadəyə verilməsi də bölgədə aqrar sektorun inkişafı və məşğulluğun artırılmasında əhəmiyyətli tədbirlərdəndir.
Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Gündüz Səmədli çıxışında rayonda həyata keçirilən işlər barədə məlumat verib və yem emalı müəssisəsinin kənd sakinlərinin heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyətinin genişlənməsinə şərait yaradacağını diqqətə çatdırıb.
ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi Qreq Gelman çıxışında bu kimi birgə layihələrin əhəmiyyətindən danışıb, regionların inkişafına töhfə verdiyini qeyd edib.
Tədbirdə çıxış edən kənd sakinləri Saatlı rayonunun inkişafına göstərilən diqqət və qayğıya, rayonda həyata keçirilən layihələrə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə maliyyələşdirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” layihəsi çərçivəsində tikilmiş yem emalı müəssisəsində istehsal sahəsi yaradılıb və anbar inşa olunub. Müəssisədə hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən, ot doğrayan avadanlıqlar quraşdırılıb.