Ərdoğan: “Səudiyyə Ərəbistanı bu cinayətin məsuliyyətini daşıyanı açıqlamağa borcludur”

14:04 - 23 Oktyabr 2018 - DÜNYA

“Tutulan 18 nəfər Türkiyədə mühakimə edilməlidir”

“Səudiyyə Ərəbistanı “Camal Qaşıqçının meyitini Türkiyəyə təhvil vermişik” deyir. Onlar meyiti kimə verdiklərini açıqlamalıdırlar”. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib.
Onun sözlərinə görə, hadisələrin gedişatı Camal Qaşıqçının qətlinin planlaşdırılmış şəkildə həyata keçirildiyini deməyə əsas verir.

“Hadisə İstanbulda baş verdiyindən biz də araşdırma aparmağa məcburuq. Səudiyyə Ərəbistanının kralı ilə əlimizdəki məlumatları paylaşdım. Kralın təlimatı üzrə orada araşdırma apardıq. Baş Konsulluğun məsuliyyətsiz davrandığını krala söylədim. Onu tutduğu vəzifəsindən azad etdilər. Sui-qəsddən bir gün sonra Krallıq Camal Qaşqıçının Baş Konsulluqda öldürüldüyün etiraf edib. Kral Salman hadisə ilə bağlı 18 nəfərin tutulduğunu bildirdi. Onların adları bizim şübhələndiklərimiz şəxslərlə eyni idi. Ölkəmizin etibarına yönələn bu sui-qəsdlər bizi yolumuzdan döndərə bilməz. Heç kim unutmasın ki, bunlar Türkiyənin sərhədləri daxilində baş verir. Vyana Konvensiyası da buna yol vermir. Biz bu cinayəti axrıradək araşdıracağıq. Türkiyə bu məsələni təqib edəcək. İndiyədək ortaya çıxan dəlillər göstərir ki, Camal Qaşıqçı vəhşicəsinə öldürülüb. Cinayətin adi bir hadisədən qaynaqlanmadığı, planlı bir qətl olması haqqında əlimizdə dəlillər var. Cinayət günü 15 nəfər niyə İstanbulda toplanmışdı? Onlar kimdən əmr alaraq bura gəlmişdilər? Cinayət açıq-aşkar ortadaykən niyə onlarla əsassız dəllilər irəli sürülüb? Biz bu suallara cavab istəyirik. Bu məsul şəxs kimdir? Bu sıradan biri deyil. Səudiyyə Ərəbistanı bu cinayətin məsuliyyətini daşıyanı açıqlamağa borcludur. Buradan çağırış edirəm. Hadisə İstanbulda baş verdiyindən tutulan 18 nəfər burada mühakimə edilməlidir”, - o vurğulayıb.

Xəbər xətti