Bu ilin birinci yarısında ABŞ neftinin ən iri idxalçısı olan Çin ticarət müharibəsi səbəbindən üçüncü rübdə bu ölkədən idxalı kəskin azaldıb.
“Report” “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir ki, tankerlərin hərəkətinə dair təhlillərə əsasən, avqust ayında Çinin ABŞ-dan neft idxal etmədiyi, sentyabr ayında isə gündə cəmi 31 min barel, yəni ilin birinci yarısına nisbətən, təqribən, 10 dəfə az idxal etdiyi qənaətinə gəlinir.
Həmin vaxt isə ABŞ Energetika Nazirliyinin Enerji informasiyası idarəsinin məlumatına görə, gündəlik neft tədarükü 350 min bareldən artıq olub.
Hazırda Çin Rusiya və Səudiyyə Ərəbistandan neft idxalına üstünlük verir. Yük daşımalarını təhlil edən “Kpler” şirkətinin məlumatına görə, avqust ayında Səudiyyə Ərəbistanı Çinə gündəlik neft tədarükünü 258 min barel, Rusiya isə, təqribən, 200 min barel artırıb.
Digər tərəfdən, ABŞ şirkətləri yeni bazarlarda rəqiblərini sıxışdırır. “EİA”nın məlumatına görə, sentyabr ayında ölkənin gündəlik neft ixracatı 2,6 milyon barelə çatıb. Əsas idxalçılar Hindistan, Avstraliya, Honqkonq və Danimarkadır. Halbuki, 2015-ci ilədək neft ixracına qoyulan qadağa səbəbindən həmin ilin dekabr ayında bu göstərici cəmi 500 min barel olub.