UEFA Millətlər Liqasının Azərbaycan – Malta oyunu 1:1 hesabı ilə başa çatdı. Komandamız bu oyunda daha çox şansları sağa-sola xərcləməklə yadda qaldı.
Ucnoqta.az xəbər verir ki, Oxu.az sovet dönəmində “Neftçi”nin sabiq hücumçularından olmuş Maşallah Əhmədovdan bu oyunla bağlı fikirlərini öyrənib.
Veteran futbolçumuz millimizin oyunundan razı qaldığını bildirib:
“Bu oyunda bəxtimiz gətirmədi. Yaxşı oynadıq. Amma lazımi nəticə olmadı. Şanslarımız vardı. Qalib gəlsəydik, səkkiz xalla Kosovoya çatacaqdıq. Ondan sonra bizim üçün rahat olacaqdı. Gözəl imkan yaranmışdı. Allahın köməyi ilə qrupdan lider çıxmaq şansını əldən vermərik. Kosovo ilə səfərdəki oyunumuz həlledici olacaq.
Düşünürəm ki, Malta ilə oyunu Farer Adalarında 3:0 qalib gəldiyimiz matçdan daha yaxşı keçirdik. Bu oyunu ağıllı keçirdik, çox xoşuma gəldi. Buraxdığımız yeganə qolda Kamran Ağayevin hardasa səhvi vardı”.
Əhmədov fitə basılan Mahir Mədətovun çıxışı barədə də danışıb. O, sabiq hücumçu kimi Mədətovun oyununu bəyəndiyini vurğulayıb:
“Mahirin çıxışı çox xoşuma gəldi. O, çox yaxşı futbolçudur. Təhlükəlidir, hər oyunda qol şansı olur. Solaxaydır. Özünüz bilirsiniz ki, solaxaylar çox güclü oyunçular olur. Desəm ki, onda ustalıq çatışmır, bu, düz alınmaz. Sadəcə, tələskəndir. O, kitabda yazılan kimi vursa, hər oyun 2-3 qol vurar. Əyri vursun, amma kitabda yazılan kimi vursun. Düzdür, o, Maşallah və İsgəndər Cavadov kimi oynaya bilmir, amma yaxşı futbolçudur.
Yığmamızda Araz Abdullayev də xoşuma gəlir. O da solaxay olmasına baxmayaraq, sağ ayağı ilə qol vurdu. Qolun ötürməsini də Mahir verdi.
“Neftçi” ilə “Ararat”a qarşı oynayanda 87-ci dəqiqəyə kimi qol vura bilmədiyimiz üçün fitə basılırdıq. Camaat artıq stadionu tərk edirdi. 87-ci dəqiqədə mən başla qol vuranda camaat səsi eşidib geri qayıtmışdı. Həmin oyunda 1:0 qalib gəldik. Futbolda belə anlar olur”.
Daha sonra Maşallah Əhmədov yerli məşqçiləri tərifləyib:
“Mənə bu milli ona görə xoş gəlir ki, baş məşqçisi özümüzünküdür. Gərək özümüzünkülərə şans verək. Əsgər Abdullayev, Yaşar Vahabzadə, Novruz Əzimov kimi məşqçilərimiz var. Ancaq onlara şans verilməlidir. Məsələn, “Keşlə”nin baş məşqçisi əcnəbidir. Bu, nəyə lazımdır ki? Özümüzünkünü qoyun. O, Serbiyada yaxşı məşqçi ola bilər. Amma buraya gəlib, burada bizə futbol öyrədə bilməz”.