Oktyabrın 9-da İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd iki qurum arasında sahibkarların hüquq və qanuni mənafelərinin müdafiəsi, bu sahədə operativ məlumat mübadiləsinin həyata keçirilməsi və digər müvafiq tədbirlərin reallaşdırılmasına dair birgə fəaliyyəti tənzimləyəcək.
İqdisadiyyat Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, bununla bağlı keçirilmiş tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov iqtisadiyyatın prioritet istiqamətlərindən olan sahibkarlığın inkişafı üçün ölkəmizdə əlverişli biznes mühitinin formalaşdığını, özəl bölməyə kompleks dəstək tədbirlərinin göstərildiyini, eləcə də sahibkarların qanuni maraqlarının müdafiəsi məqsədilə müvafiq mexanizmlərin yaradıldığını diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə yaradılmış Agentliyin əsas vəzifələrindən biri də sahibkarlıq subyektlərinin qanuni maraqlarının qorunmasıdır və bu gün imzalanmış Memorandum məhz bu vəzifənin səmərəli reallaşdırılmasına, iki qurum arasında müvafiq sahədə əməkdaşlığa xidmət edəcək.
Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev korrupsiyaya qarşı mübarizə tədbirlərinin həyata keçirilməsində qurumlar arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib, imzalanmış sənədin iki qurum arasında müvafiq sahədə əməkdaşlığın reallaşdırılmasında, sahibkarlığın inkişafına əngəl törədə biləcək korrupsiya hüquqpozmalarının aşkar edilməsi və araşdırılmasında önəmini diqqətə çatdırıb.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi və digər qurumlarla əməkdaşlığa dair anlaşma memorandumları imzalayıb.