Növbəti faiz ödənişinə 10 gündən az müddət qalan SOCAR istiqrazlarının qiyməti kəskin artıb.
SOCAR istiqrazlarının marketmeykeri “PSG Kapital” investisiya şirkətindən “Report”a verilən məlumata görə, 8 oktyabr Bakı Fond Birjasının ticarət sistemində SOCAR istiqrazları üzrə yerləşdirilmiş ən aşağı satış qiyməti 1030.10 dollardır.
Bu, istiqrazların indiyədək qeydə alınan ən yüksək satış qiymətidir. Qiymətin kəskin artmasının səbəbi növbəti faiz ödənişinin yaxınlaşması və istiqrazlara olan tələbatın yüksəlməsidir. SOCAR istiqrazı almaq istəyən hüquqi və fiziki şəxslər hazırda onu sadəcə təkrar bazardan minimum 1030.10 dollara əldə edə bilərlər.
SOCAR-ın 2016-cı ildə daxili bazar üçün dollarda buraxdığı SOCAR istiqrazlarının müddəti 5 il, illik gəlirliliyi 5%, faiz ödənişi hər 3 aydan birdir.
Qeyd olunan qiymətli kağızların indiyədək 7 dəfə faiz ödənişi gerçəkləşib. Növbəti faiz ödənişi isə 17 oktyabrda həyata keçiriləcək.
SOCAR istiqrazları hazırda da ölkədə ən çox alınıb-satılan qiymətli kağız titulunu qoruyur.
İstiqrazların əsas üstünlükləri SOCAR tərəfindən verilən nominal qiymətə alış zəmanəti, likvidliyin yüksək olması, əməliyyatların rahatlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılmasıdır.
SOCAR istiqrazları sahibləri istiqrazlarını girov qoyaraq, dollarda illik 5% gəlirlərini itirmədən, qısa və uzunmüddətli kreditlər götürmə imkanına da malikdirlər.
SOCAR istiqrazlarını 1 və 5 saylı ASAN xidmət mərkəzlərindən əldə etmək olar.