İqtisadiyyat naziri Şahin Mustafayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreyev ilə görüşüb.
Görüşdə Şahin Mustafayev yeni vəzifəyə təyin edilməsi münasibətilə Bağdad Amreyevi təbrik edib, fəaliyyətinin türkdilli ölkələr arasında əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev türkdilli ölkələrlə əlaqələrin inkişafına böyük önəm verir.
Nazirliyin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, türkdilli ölkələr arasında iqtisadi münasibətlər inkişaf edir, ticarət əlaqələri genişlənir. 2017-ci ildə Azərbaycanın TDƏŞ ölkələri ilə ticarət dövriyyəsi 11,4%, 2018-ci ilin 8 ayı üzrə isə 16% artıb. İnvestisiya sahəsində qarşılıqlı səmərəli əməkdaşlıq həyata keçirilir. Azərbaycan TDƏŞ ölkələrinə 14 mlrd. ABŞ dollarından çox, TDƏŞ ölkələri isə Azərbaycan iqtisadiyyatına 12 mlrd. dollardan artıq sərmayə yatırıb. Nazir Şahin Mustafayev Azərbaycanın türkdilli dövlətlərin tədbirlərində fəal iştirak etdiyini və ölkəmizin bundan sonra da iqtisadi əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini qeyd edib, TDƏŞ-ə üzv ölkələr arasında ticarət, nəqliyyat-tranzit, turizm, İKT və s. sahələrədə əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev qurumun bütün istiqamətlərdə, eləcə də iqtisadi sahədə üzv ölkələr arasında əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Bağdad Amreyev iqtisadiyyat nazirlərinin növbəti görüşünün Qırğızıstanda keçiriləcəyini qeyd edərək, bu tədbirin türkdilli ölkələr arasında əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıb, iclasda türkdilli ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirə ediləcəyini bildirib