İqtisadiyyat Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının birgə təşkilatçılığı ilə Xaçmazda "Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin icrası üçün yerli dövlət-özəl sektor əməkdaşlığı" mövzusunda regional seminar keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova “2030-cu ilədək Dayanıqlı İnkişaf sahəsində Gündəlik”dən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində görülmüş işlər barədə məlumat verərək, ərzaq, kənd təsərrüfatı, meşəçilik, balıqçılıq və kənd yerlərinin inkişafı sahələri üzrə həyata keçirilmiş tədbirlərin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM-lərin) icrasının təmin olunmasında və yoxsulluğun azaldılmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Nazir müavini ölkəmizin qlobal əməkdaşlığa böyük önəm verdiyini qeyd edib, DİM-lərin həyata keçirilməsində beynəlxalq və regional tərəfdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov ölkədə aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıq barədə danışıb.
BMT-nin Ərzaq və Kənd təsərrüfatı Təşkilatının Azərbaycan ofisinin rəhbəri Mələk Çakmak Azərbaycanın aidiyyəti qurumları ilə BMT-nin Ərzaq və Kənd təsərrüfatı Təşkilatı arasındakı əməkdaşlıq, bu sahədə həyat keçirilən layihələr və görülmüş işlər barədə məlumat verib.
Seminar çərçivəsində Təbii Sərvətlər və Tibbi Bioloji Elmlər Universitetinin İnkişaf Tədqiqatları Mərkəzinin eksperti Həmid El Bilali “Dayanıqlı İnkişaf üçün 2030-cu il Gündəliyində ərzaq və kənd təsərrüfatı” mövzusunda təqdimatla çıxış edib.
Seminarda DİM-lərlə bağlı videoçarx nümayiş olunub və bu məsələlərin icrasına dair müzakirələr aparılıb.