Bakı-Tbilisi-Ərzurum kəməri ilə qaz nəqli 4% artıb

16:58 - 17 Sentyabr 2018 - İQTİSADİYYAT

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 15 040,5 mln. kubmetr qaz nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,5% artım müşahidə olunub.

Qazın nəqlinin 31,1%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, hesabat dövründə bu kəmərlə 4 990,6 mln. kubmetr qaz ötürülüb. Bu isə ötən ilin müvafiq dövründən 4,4% çoxdur.

Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qazın nəqli üçün inşa edilib. Boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Kəmər Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib.

Bu boru kəməri 2006-cı ilin sonunda istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır.

Xəbər xətti