Azərbaycan Dubayda Ticarət Evi açaçaq
10:17 - 27 Avqust 2018 - İQTİSADİYYAT
2018-ci ilin sonunadək Azərbaycan Dubayda Ticarət Evi açaçaq. Bunu Trend-ə açıqlamasında Azərbaycanın Dubaydakı ticarət nümayəndəsi Elnur Əliyev bildirib.
E.Əliyevin sözlərinə görə, hazırkı mərhələdə Dubayda Azərbaycan Ticarət Evinin açılması üzrə ciddi layihə üzərində geniş iş gedir:
"Ticarət Evinin açılmasından sonra iki istiqamətdə işləməyi planlaşdırırıq: birincisi, məhsulların pərakəndə satışını inkişaf etdirmək, ikincisi isə müxtəlif Azərbaycan məhsullarının topdan alıcılarının axtarışı istiqamətində. Birləşmiş Ərəb Əmirliklərinə ixrac edilən məhsulların həcminin artırılması ilə yanaşı, tədarükümüzün sabitliyini təmin etməyi planlaşdırırıq. Bu, çox vacib nüansdır, çünki məhsulumuzun BƏƏ-nin bazarlarına daimi tədarükü xüsusilə də Dubay bazarlarında potensial idxalçılar və alıcıların etimadını artıracaq. Digər tərəfdən, bu, Azərbaycanın ixracdan gəlirlərini artıracaq".
Nümayəndə qeyd edib ki, Dubaydakı Ticarət Evində Azərbaycan istehsalı olan məhsullar təqdim olunacaq, onun ziyarətçiləri Azərbaycanın mədəniyyəti, zəngin mətbəxi ilə tanış ola biləcəklər:
"Biz məhsullarımızın təqdim olunacağı müxtəlif sərgilərin keçirilməsini planlaşdırırıq. Bununla da çalışırıq ki, potensial alıcı və ziyarətçilərimizdə təkcə məhsulu almaq deyil, həmçinin Azərbaycanı ziyarət etmək istəyi də yaransın. Yəni üzərində işlədiyimiz bu konsepsiya, həmçinin BƏƏ-dən Azərbaycana turist axınının artırılmasına yönəlib. Azərbaycan Ticarət Evi Dubayın ən prestijli yerlərindən birində açılacaq. Hazırda xarici həmkarlarımızla danışıqlar aparırıq ki, gələcəkdə irimiqyaslı sərgilər keçirək".
O bildirib ki, Ticarət Evində xüsusi məlumat ofisi fəaliyyət göstərəcək və burada istənilən şəxs Azərbaycan haqqında daha ətraflı və onu maraqlandıran, o cümlədən turizm sahəsində məlumat əldə edə bilər: "Ticarət Evinin açılması BƏƏ-yə qeyri-neft sektoru məhsullarının ixracının artmasına, Azərbaycan məhsullarının irəliləməsinə və ikitərəfli ticarətin genişlənməsinə səbəb olacaq".
E.Əliyev, həmçinin vurğulayıb ki, Azərbaycan qitənin müxtəlif yerlərində ixracatçı kimi böyük maraq doğurur, bu da dövlətin düzgün və düşünülmüş iqtisadi siyasətindən xəbər verir.